RƏSSAMLIĞIN TARİXİ VƏ NƏZƏRİYYƏSİNƏ İŞIQ TUTAN KİTABLAR
ADMİU-nun “Təsviri sənətin tarixi və nəzəriyyəsi” kafedrasının müəllimi, Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyevin müəllifi olduğu iki dəyərli elmi nəşr fondumuza daxil olub. Müəllifin “İstedadlar ocağı” (2023) adlı kitabı çoxəsrlik tarixə malik Azərbaycan incəsənətinin inkişafında müstəsna rolu olan keçmiş “Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi”nin (indiki Azərbaycan Rəssamlıq Akademiyasının nəzdindəki İncəsənət Kolleci) yaranmasının 100 illiyinə həsr edilib. Burada məktəbin yaranmasından bugünə kimi davam edən şərəfli tarixinə nəzər salınıb. Nəşrin mətninin Azərbaycanda rəssamlığın tədrisi tarixi kontekstində yazılması, onun məzmununa məktəbin bütün məzunlarının adlarının əlavə olunması və ötən yüzilliyi özündə əks etdirən fotoşəkillərin daxil edilməsi kitabın elmi-tarixi əhəmiyyətini şərtləndirib.
Ziyadxan Əliyevin “Sənətşünas taleyi” (2018) adlı kitabında sənətşünasın müxtəlif illərdə respublikanın qəzet və jurnallarında çap edilmiş yetmiş məqaləsi və sənət haqqında fikirləri əks olunub. “Keçmişə salam”, “Bir əsərin tarixçəsi”, “Müasirlərimiz” və “Düşüncə quraması” adlı bölmələrdən ibarət nəşrin mətninin izahında çoxsaylı illüstrasiyalardan istifadə olunub. Qeyd edək ki, nəfis nüsxəli hər iki nəşrin redaktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aslan Xəlilovdur. Kitabları Kitabxana-informasiya mərkəzinin oxu zalında istifadə etmək mümkündür.