Türkiyənin Sinop Universitetinin rektorunun başçılığı ilə nümayəndə heyəti ADMİU-da olub

Türkiyənin Sinop Universitetinin rektoru professor Şakir Daşdəmirin başçılığı ilə bir sıra əməkdaşından ibarət heyət ölkəmizə səfərləri çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) qonağı olub.

Qonaqları qəbul edən ADMİU-nun rektoru professor Ceyran Mahmudova onları rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnunluğunu bildirib. Görüş zamanı C.Mahmudova ADMİU-nun strukturu, fəaliyyət prinsipləri, Türk dünyası və Türkiyə universitetləri ilə qarşılıqlı əlaqələri haqqında geniş məlumat verib. ADMİU-nun TÜRKSOY-un təşkilatçılığı ilə yaradılmış Türk Dünyası Sənət Universitetləri Birliyi”nə üzv olduğunu deyən xanım rektor bu sahədə də uğurlu və səmərəli fəaliyyətin davam etdirildiyini, qurulmuş əlaqələr sayəsində bir sıra layihələr həyata keçirildiyini deyib.

Sinop Universitetinin strukturu, fəaliyyət prinsipləri haqqında danışan rektor Şakir Daşdəmir ADMİU ilə ortaq ixtisaslarının olduğunu və bu istiqamətdə qarşılıqlı əlaqələrin inkişaf etdirilə biləcəyini deyib.

Görüş zamanı ortaq layihələrin həyata keçirilməsi, tələbə-müəllim mübadiləsi, elmi jurnalların təcrübə paylaşımı və sair kimi məsələlər müzakirə olunub.

Qeyd edək ki, görüşdə ADMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Sevil Kərimova, Elm və yaradıcılıq işləri üzrə prorektoru Sədaqət Əliyeva, Beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsinin müdiri Namiq Kərimov, “Beynəlxalq layihələr və əcnəbilərlə iş” şöbəsinin baş mütəxəssisi Məsturə Quliyeva, Sinop Universitetinin ERASMUS üzrə koordinatoru Gül Erkol, ERASMUS mütəxəssisi Merve Feryal Ashmawy və Afaq Qarasu iştirak ediblər.