Qazax tələbələrin ADMİU-da elmi-tədqiqat təcrübələri yekunlaşıb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə Qazaxıstan Milli İncəsənət Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində həmin universitetin 21 magistr tələbəsi ADMİU-da elmi təcrübə keçiblər.
Təcrübənin son günündə ADMİU-nun rektoru professor Ceyran Mahmudova tələbələrlə görüşüb. Onları Azərbaycanda və rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnunluğunu bildirən rektor Qazaxıstan Milli İncəsənət Universiteti ilə dostluq əlaqələrindən danışıb. İki ölkənin mədəniyyətinin, incəsənətinin inkişafı üçün əsas yaradıcı ali təhsil müəssisələrinin bu cür sıx əməkdaşlığının böyük önəm kəsb etdiyini vurğulayan xanım rektor onların da gələcək karyeralarında Ümumtürk mədəniyyətinin inkişafına öz töhfələrini verəcəklərinə inandıqlarını bildirib.
Təcrübəçi tələbələrə gələcək təhsillərində və karyeralarında uğurlar arzu edən C.Mahmudova onlara ADMİU-da elmi-tədqiqat təcrübəsi keçməkləri ilə bağlı sertifikatlar təqdim edib.