Yeni ali təhsil proqramları hazırlanır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 2 dekabr tarixli 503 nömrəli Qərarı ilə Ali təhsilin bakalavriat, magistratura, əsas (baza ali) tibb təhsili və rezedentura səviyyələri üzrə ixtisasların yeni təsnifatı təsdiq edilmişdir.
Magistratura səviyyəsində yeni təhsil proqramlarının hazırlanması ilə bağlı Azərbaycan Respublikasının elm və təhsil naziri cənab Emin Əmrullayevin “Komissiyanın yaradılması barədə” əmrinə əsasən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə Mədəniyyət ixtisasları qrupu üzrə həmsədrlər təyin olunublar.
Elm və Təhsil Nazirliyinin “Yeni təhsil proqramının hazırlanması” üzrə 25 fevral 2025-ci il tarixində komissiyanın keçirilmiş ilk iclasının nəticələrinə əsasən müasir tələblərə və əmək bazarının ehtiyaclarına cavab verən kompetensiya əsaslı və tələbəyönümlü yeni təhsil proqramlarının layihəsini hazırlamaq üçün Mədəniyyət ixtisasları üzrə İşçi qrupunun tam tərkibinin müəyyənləşdirilməsi və müvafiq altqrupların yaradılması istiqamətində addımlar atılmaqdadır. Bu istiqamətdə fevralın 28-də həmsədr M.Ələkbərzadə və mütəxəssislərlə müzakirələr aparılıb, müvafiq ali təhsil müəssisələrinə namizədlərin müəyyən olunması ilə bağlı sorğu göndərilib. Rektor Ceyran Mahmudovanın rəhbərliyi ilə əmək bazarının nümayəndələri, müvafiq ali təhsil müəssisələrinin rəhbərləri ilə İşçi qrupuna üzv olacaq mütəxəssislər müzakirə edilir.
İşçi qrupu ixtisaslaşmaları müəyyən edilib Nazirliyə təqdim olunacaq.