ADMİU məzunları və müəllimi “Her Art in Action 2025” sərgisində iştirak edir

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) məzunları və müəllimi bu il keçirilən “Her Art in Action 2025” sərgisində iştirak edir. Martın 9-dan aprelin 6-dək davam edəcək festivalda ADMİU-nun Dekorativ sənət: Bədii xalça ixtisası üzrə magistr məzunu Kafiyə Eyvazova, Qrafik dizayn ixtisası məzunu Fidan Əbilova və ADMİU-nun müəllimi, eyni zamanda VarYox platformasının təsisçisi Sitara İbrahimbəyli öz əsərlərini təqdim edirlər.

Qadın rəssamların yaradıcılığını dəstəkləməyi hədəfləyən festivalın builki mövzusu “Xəyal etmək azadlığı: Daxili aləmimizi təsvir etmək” adlanır. Sərgidə müxtəlif vizual sənət növləri – rəsm, video, performans və instalyasiyalar nümayiş etdirilir. ADMİU məzunları və müəllimi ilə yanaşı, festivalda Aliya The Mushroom, Arzu Cəbrayılova, Aygün Baxşıyeva, Aytən Abdullayeva, Dilyara Kaipova, Günel Rəvilova, Cala Əzizova, Cəmilə Əhmədova, Juste Jonutyte, Lali Binyatova, Minira, Natela Qriqolaşvili, Nəzrin Məmmədova, Nigar Rəhmanova, Səbinə Muxudinova, Səbinə Şıxlinskaya, Səidə Mirzəyeva, Sura Məmmədova və Tamira İbrahim kimi rəssamlar da iştirak edirlər.

Festival Azərbaycan Rəssamlar İttifaqı və VarYox mədəniyyət və incəsənət platformasının təşkilatçılığı ilə keçirilir. Layihənin əsas tərəfdaşlarından biri olan “Nar” mobil operatoru, gənc rəssamların yaradıcılıq imkanlarını genişləndirməyə dəstək verir. Festival çərçivəsində seminarlar, portfolio icmalları və müzakirələr də təşkil olunacaq.