ADMİU Peşə Təhsil Mərkəzinin Novruz bayramını konsert proqramı ilə təbrik edib

Martın 14-də İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə xalqımızın qədim və ən əziz bayramlarından biri olan Novruz bayramı münasibəti ilə tədbir keçirilib.

Tədbirdə Peşə Təhsil Mərkəzinin kollektivi, tələbələri iştirak ediblər.

ADMİU-nun tələbəsi Əzizəxanım Kazımovanın aparıcılığı ilə baş tutan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlayıb.

Daha sonra Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov çıxış edərək qonaqları salamlayıb, hər kəsi Novruz bayramı münasibəti ilə təbrik edib. K.Bağırov Mərkəzin tələbələrini konsert proqramı ilə sevindirən ADMİU-nun rektoru professor Ceyran Mahmudova başda olmaqla, bütün kollektivinə öz təşəkkürünü bildirib.

Mədəniyyət və İncəsənət Universitetinin Elm və yaradıcılıq işləri üzrə prorektoru dosent Sədaqət Əliyeva çıxışında rektor Ceyran Mahmudovanın salamlarını və bayram təbrikini tədbir iştirakçılarına çatdırıb, öz növbəsində təbiətin oyanışı hesab olunan Novruz bayramının xalqımızın ən əziz bayramlarından olduğunu vurğulayıb.

İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin Tədrisin təşkili şöbəsinin baş mütəxəssisi Cavid Əhmədov və ADMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rusif Əliyevin təşkilatçılığı ilə hazırlanmış tədbirin bədii hissəsində ADMİU-nun tələbə və məzunları- Xasay Şıxıyev, Cahangir Əliyev, Ceyran Abbaslı, Şəmistan Nəcəfzadə, Vüsal Qasımov, Xaqani Zeynalabdinov bir-birindən maraqlı ifalarla iştirakçıların könlünü oxşayıblar. İfaçıları ADMİU-nun “Xalq çalğı alətləri ifaçılığı” kafedrasının tələbələrindən ibarət “Arazbarı” ansamblı müşayiət edib.

Peşə Təhsil Mərkəzinin tələbələri Şükran Ağabalıyeva, Fatimə Behbudovanın rəqsi tədbirə xüsusi rəng qatıb.

Tədbirdə, həmçinin, Mərkəzin Qrafik-Dizayn qrupunun tələbələrinin fotoşop əl işləri də nümayiş olunub.

Sonda Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov ADMİU-nun prorektoru Sədaqət Əliyevaya, ADMİU THİK-in sədri Rusif Əliyevə və ADMİU-nun mətbuat katibi Şəhanə Mahmudzadəyə “Təşəkkürnamə”lər təqdim edib.