ADMİU-da Ümumdünya Autizm Gününə həsr olunmuş tədbir keçirilib

Aprelin 4-də “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, (ADMİU) “Əlilliyi olan şəxslərin Təşkilatları İttifaqı”nın, “Autizmli uşaqların ailələrinə dəstək” İctimai Birliyinin və “Ülkər Psixologiya Departamenti”nin dəstəyi ilə  ADMİU-da “2 aprel – Ümumdünya Autizm Günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himinin səslənməsi və ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Qeyd olunub ki, “Rəngli Dünyalar: – Autizm və Sevgi” adlı tədbirdə əsas məqsəd autizmli uşaqların ailələrinin qarşılaşdığı problemlər, ailələrin autizmlə apardığı mübarizə və autizmli uşaqların ailələrinin uşaqlarının inkişafına göstərdiyi diqqət və qayğı, autizmli uşaqları cəmiyyətə necə qazandırmalı olduqları haqqında mesajlar ötürməkdir.

Ülkər Psixologiya Departamentinin rəhbəri Jalə Mirsaab Autizm haqqında məlumat verib, bu sahədə maarifləndirmənin önəmindən danışıb.

Tədbir boyunca autizmli istedadlı uşaqlar mahnılar oxuyub, 268 saylı xüsusi məktəbin şagirdləri rəqslər edib, öz bacarlıqlarını nümayiş etdiriblər. Eyni zamanda onların anaları çıxış edərək autizmli uşaqlara yanaşma tərzindən danışıb, öz təcrübələrini bölüşüblər.

Eyni zamanda tanınmış müğənni, pedaqoq Elnarə Xəlilova öz mahnı töhfəsi ilə tədbirə rəng qatıb.

Bədii hissədən sonra Yasamal rayon İcra Hakimiyyətinin humanitar işlər üzrə müavini Təravət Muradova çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə öz təşəkkürünü bildirib, bu cür istedadlı uşaqları cəmiyyətə qazandırdıqlarına görə öncə valideynlərinə, sonra isə müəllimlərinə minnətdarlığını bildirib.

ADMİU-nun Elm və Yaradıcılıq işləri üzrə prorektoru, dosent Sədaqət Əliyeva öz çıxışında anaların fədakarlığından danışıb, onlara səbr, güc-qüvvət arzu edib.

“Əlilliyi olan şəxslərə sosial dəstək” ictimai birliyinin sədri Təranə Musayeva bu cür şəraiti yaratdıqlarına görə ADMİU-nun rektoru professor Ceyran Mahmudova başda olmaqla, bütün kollektivə, eləcə də tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.

Sonda iştirakçılara Təşəkkürnamələr təqdim olunub. Yasamal rayon İcra Hakimiyyəti və ADMİU-nun Tələbə Elmi-Yaradıcılıq Cəmiyyəti tərəfindən autizmli uşaqlara və analara hədiyyələr, iştirakçı analara “Fədakar ana” diplomu verilib.

Eyni zamanda  tədbir boyunca autizmli uşaqların əl işlərindən ibarət satış-sərgi də təşkil olunub.