İLHAM RƏHİMLİNİN YENİ DƏRS VƏSAİTİ ÇAP OLUNUB

Kitabxana-informasiya mərkəzinin fondu yeni tədris nəşri ilə komplektləşdirilib. ADMİU-nun Teatrşünaslıq kafedrasının professoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar incəsənət xadimi İlham Rəhimlinin “Dünya dramaturqları Azərbaycan səhnəsində” adlı yenicə çap edilmiş dərs vəsaiti tələbələrin istifadəsinə verilib. “Təhsil” nəşriyyatı tərəfindən nəfis nüsxədə nəşr olunan və tələbələrin geniş faktlar əsasında ölkəmizdə teatr fəaliyyətinin inkişaf dinamikası haqqında biliklərə yiyələnməsini təmin edəcək kitabın rəyçiləri Əməkdar incəsənət xadimləri, professorlar Məryəm Əlizadə və Aydın Talıbzadə, redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarovdur. Tədris ədəbiyyatı 1919-2024-cü illəri əhatə edən dövrdə dünya klassiklərinin və məşhur müəlliflərin tərcümə olunmuş müxtəlif janrlı pyeslərinin Azərbaycan teatr məkanında səhnələşdirilmiş tamaşalarından bəhs edir. Müəllif tərəfindən XX yüzillikdə yaşamış dramaturqlar arasında Nobel mükafatı laureatlarının əsərlərinin təqdimi üçün kitabda ayrıca yarımfəsil ayırılıb. Respublikanın müxtəlif teatr səhnələrində geniş tamaşaçı auditoriyasına təqdim olunmuş əsərlər səhnələşdirilməsi tarixindəki xronoloji ardıcıllığa əsasən qruplaşdırılıb.