Müəllim və tələbə təklifləri sorğusunun nəticələri

Bu sorğu, ADMİU universitetində tələbə və müəllimlərin akademik və sosial mühitə dair düşüncələrini öyrənmək, onların qarşılaşdığı çətinlikləri və inkişaf üçün irəli sürdükləri təklifləri təhlil etmək məqsədilə aparılmışdır. Eyni zamanda, bu nəticələr universitetin gələcək inkişaf strategiyalarına işıq tutmaq üçün vacib məlumatlar təqdim edir.

Müəllimlərin Cavabları

1. Akademik fəaliyyətdə sizi motivasiya edən və məmnun edən məqamlar

Müəllimlər üçün ən böyük motivasiya qaynağı, tələbələri ilə qurduqları qarşılıqlı əlaqədir. Onların inkişafını görmək, bilik və təcrübələrini bölüşmək tədris prosesini daha mənalı edir. Eyni zamanda, elmi araşdırmalara olan dəstək, universitetin akademik fəaliyyətə verdiyi qiymət və bəzi sahələrdə yaradılan imkanlar da mühüm rol oynayır.

2. Qarşılaşdığınız çətinliklər və təkmilləşdirilməyə ehtiyac olan sahələr

Müəllimlərin vurğuladığı əsas çətinliklərdən biri texniki infrastrukturun bəzi hallarda yetərsiz olmasıdır. Elmi araşdırmalar üçün maliyyə mənbələrinin məhdudluğu da ciddi bir problem kimi qeyd edilir. Bununla yanaşı, bəzi fənnlərin daha dərindən və əhatəli şəkildə öyrədilməsi, tədris metodlarının yenilənməsi və praktiki yanaşmaların artırılması ehtiyac duyulan məqamlardır.

3. Yeni ideya və təkliflər

Müəllimlər universitetin akademik və sosial atmosferinin inkişaf etdirilməsi üçün bir sıra maraqlı təkliflər irəli sürüblər. Bunlardan biri, studiyada podcast verilişlərinin təşkili üçün avadanlıqların yenilənməsi və təmiridir. Eyni zamanda, universitet daxilində mütəmadi olaraq elmi diskussiyalar təşkil olunması, beynəlxalq təlimlərə və əməkdaşlıqlara daha çox yer verilməsi, eləcə də universietet əməkdaşları arasında komanda quruculuğu üçün fəaliyyətlərin keçirilməsi kimi fikirlər də səsləndirilib.

Tələbələrin Cavabları

1. Universitet həyatında ən maraqlı və faydalı məqamlar

Tələbələr üçün universitetdə ən maraqlı məqamlar sırasında ekskursiyalar, gəzintilər və ixtisas fənləri xüsusi yer tutur. Bəzi müəllimlərin tələbələrə qarşı isti və dəstəkverici münasibəti onların təhsil yolunda motivasiya mənbəyi olur. Dostluq və həmrəylik mühiti də tələbələrin universitet həyatını daha maraqlı edən amillər arasındadır.

2. Qarşılaşdıqları çətinliklər və təkmilləşdirilməyə ehtiyac olan sahələr

Tələbələrin vurğuladığı əsas çətinliklərdən biri bəzi müəllimlərin dərs izahında yetərincə aydın olmamasıdır. Bundan əlavə, universitetin maddi-texniki bazasının gücləndirilməsinə ehtiyac duyulduğu bildirilib. Praktik fəaliyyətlərin azlığı və bəzi qeyri-ixtisas fənlərin daha dərindən öyrədilməsi tələbələrin inkişafına mane olan faktorlar kimi qeyd olunub.

3. Narahat edən məqamlar

Tələbələr universitetin sosial mühitində müəyyən problemlərin olduğunu və bunun onların akademik və şəxsi inkişafına təsir etdiyini bildiriblər. Müəllimlərin bəzən psixoloji təzyiq göstərməsi, sosial fəaliyyətlərin yetərsizliyi və akademik stresin idarə olunmaması tələbələrin əsas narahatlıqları arasındadır.

Nəticə və təkliflər

Sorğunun nəticələri göstərir ki, həm tələbələr, həm də müəllimlər universitetin akademik və sosial mühitinin daha da inkişaf etdirilməsini vacib hesab edirlər. Akademik fəaliyyətlərin gücləndirilməsi, tələbə-müəllim əlaqələrinin daha effektiv qurulması və universitetin infrastrukturunun yenilənməsi əsas prioritetlər kimi önə çıxır.

Təklif olunan addımlar:

  • Universitetin maddi-texniki bazasının gücləndirilməsi
  • Müəllim və tələbələr arasında akademik və sosial əlaqələrin inkişaf etdirilməsi
  • Tədris metodlarında yeniliklər edilməsi və daha interaktiv yanaşmaların tətbiqi
  • Daha çox praktiki fəaliyyətin təşkili
  • Elmi və sosial tədbirlərin artırılması
  • Müəllimlərin psixoloji yanaşma və pedoqoji üslub baxımından inkişaf etdirilməsi üçün təlimlərin təşkili

Bu sorğunun nəticəsi kimi universitetdə əməkdaşlar üçün komanda quruculuğu üçün fəaliyyətlərinə başlanılıb. Bununla yanaşı universitetin aktyor olmayan əməkdaşlarının ifasında oynanılacaq Ə.Haqverdiyevin “Pəri Cadu” əsəri əsasında tamaşa üçün məşqlərə başlanılıb.

Tələbə və müəllimlər üçün psixoloji mövzularda təlim görüşlərinin sayı artırılıb.

Son olaraq, yaxın vaxtlarda incəsənətin müxtəlif sahələri üzrə təhsil alan tələbələri üçün “Şəxsi inkişaf klubu”nun fəaliyyətə başlaması planlaşdırılır.

Bu təkliflərin həyata keçirilməsi universitetin daha güclü və dinamik akademik mühit yaratmasına töhfə verəcəkdir.

Psixoloq  Aynur Rəhimova