“Yaşamaq sənəti: Həyatın dəyərini yenidən kəşf et” – ADMİU-da tələbələr üçün psixoloji təlimlər keçirilib

7–14 aprel tarixlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bütün fakültələr üzrə tələbələri əhatə edən “Yaşamaq sənəti: Həyatın dəyərini yenidən kəşf et” adlı silsilə psixoloji təlimlər keçirilib. Təlimlər universitetin psixoloqu Aynur Rəhimova tərəfindən suisid davranışının profilaktikası məqsədilə təşkil olunub.

İnteraktiv şəkildə aparılan təlimlərdə yaşamın mənası, həyat və ölüm anlayışları mövzularında dərin müzakirələr aparılıb. Tələbələr suisid davranışına gətirib çıxaran psixoloji və sosial səbəblərlə tanış olub, bu kimi halların qarşısının alınması üçün psixoloji texnikalar və dəstək yolları barədə praktiki biliklər əldə ediblər.

Görüşlərin sonunda tələbələr onları maraqlandıran sualları səsləndirərək fərdi şəkildə cavablandırılıblar. Təlimlər tələbələrin emosional dayanıqlığının gücləndirilməsi, özünüdərk və həyati bacarıqlarının inkişafı baxımından mühüm töhfə verib.