Ü.Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib
Mayın 2-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsinin Səhnə danışığı kafedrasının təşəbbüsü ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə “Ordan – burdan” adlı ədəbi-bədii tədbir keçirilib.
Tədbirdə universitetin tələbələri Əli Nurzadə, Samirə Xanlarova, Məhəmmədəli Namazov, Günel Həmidova, Səma Muğanna, Türkan Qarayeva, Səbuhi Abbasov, Mehriban Nuriyeva, Ayla Əliyeva, Firuzə İsmayıl, magistr Oqtay Kazımov iştirak ediblər.
Tədbiri giriş sözü ilə Səhnə danışığı kafedrasının müdiri, professor Məmmədsəfa Qasımov açıb. O, gələn qonaqları salamlayaraq dahi bəstəkar Ü.Hacıbəylinin 140 illik yubileyinin təntənəli qeyd olunmasını Azərbaycan xalqının musiqiyə, mədəniyyətə böyük sevgisinin bariz nümunəsi olduğunu deyib.
Sonra tələbələr Ü. Hacıbəylinin həyat və yaradıcılığı, onun Azərbaycan mədəniyyətindəki yeri və xidmətləri barədə çıxışlar ediblər.
Ü.Hacıbəylinin əsərlərindən mahnılar ifa edilib. “Leyli və Məcnun” əsərindən pantomim səhnəsi, felyetonlarından seçilmiş nümunələr tələbə- aktyorların ifasında təqdim edilib. Tədbirin ərsəyə gəlməsində Səhnə danışığı kafedrasının müdiri, professor Məmmədsəfa Qasımov, müəllim Pərvanə Namazova, baş müəllim Əlizaman Mirzəyev, Əməkdar müəllim Mahirə Yaqubova, dosent Yaqut Abdullayeva və rəqs müəllimi Aydan Kamilova yaxından iştirak ediblər.