ADMİU-da “Uşaqlıq travmaları” mövzusunda seminar keçirilib
Mayın 5-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Sosiologiya ixtisasının 2-ci kurs tələbələri Əlicanlı Nazənin və Əliyeva Günayın “Uşaqlıq travmaları” mövzusunda seminarı keçirilib. Birinci tədris ili tələbələri üçün nəzərdə tutulmuş seminarın əsas məqsədi uşaqlıq dövründə yaşanan travmaların insan psixikasına, sosial münasibətlərinə və cəmiyyətə inteqrasiyasına təsirini sosioloji yanaşma ilə izah etmək idi.
Məruzəçi tələbələr həm nəzəri biliklərə, həm də praktiki nümunələrə əsaslanaraq, uşaqlıqda formalaşan travmatik təcrübələrin yetkinlik dövründə özünü hansı formalarda büruzə verdiyini təhlil ediblər. Ailə münasibətləri, sosial mühitin təsiri, gender və mədəni faktorların travmalar üzərindəki rolu da seminarın diqqət mərkəzində olub. Mövzu ətrafında interaktiv müzakirələr aparılıb, 1-ci kurs tələbələrinin fikirləri dinlənilib və onlara fərqli sosioloji baxış bucaqları təqdim olunub.