ADMİU əməkdaşlarının Yevlax və Mingəçevirdə komanda quruculuğu səfəri baş tutub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) bir qrup əməkdaşı 9 may tarixində Yevlax və Mingəçevir şəhərlərinə komanda quruculuğu və əyləncə məqsədli səfər ediblər. Səfər, fevral ayından etibarən davam edən və əməkdaşlar arasında ünsiyyəti, qarşılıqlı münasibətləri möhkəmləndirməyə yönəlmiş komanda quruculuğu fəaliyyətlərinin növbəti mərhələsi olub.

Səfər çərçivəsində iştirakçılar əvvəlcə Yevlaxda yerləşən Regional Televiziya – “EL TV”nin qonağı olublar. Burada onlara televiziya kanalının tarixi, fəaliyyəti və yayım prosesi haqqında ətraflı məlumat təqdim edilib. Eyni zamanda, çəkiliş pavilyonu və studiyalarla tanış olan əməkdaşlar media sahəsindəki iş prosesi ilə yaxından tanış olmaq imkanı qazanıblar.

Günün ikinci yarısında səfər Mingəçevir şəhərində davam etdirilib. Əməkdaşlar Kür çayı üzərində təşkil olunan gəmi gəzintisində iştirak edərək, həm təbiətin gözəlliyindən zövq alıblar, həm də qeyri-rəsmi mühitdə bir-biriləri ilə daha yaxından ünsiyyət qurublar.

Qeyd edək ki, ADMİU-da həyata keçirilən komanda quruculuğu fəaliyyətləri iş mühitində pozitiv atmosferin yaradılması, əməkdaşların motivasiyasının artırılması və asudə vaxtın daha səmərəli təşkili məqsədi daşıyır.