“AZƏRBAYCANDA KİTABXANA İŞİNİN İNKİŞAFINDA HEYDƏR ƏLİYEV MƏRHƏLƏSİ” ADLI TƏLƏBƏ ELMİ-PRAKTİKİ SEMİNAR
ADMİU-nun Kitabxana-informasiya mərkəzi tərəfindən “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Azərbaycanda kitabxana işinin inkişafında Heydər Əliyev mərhələsi” adlı tələbə elmi-praktiki seminar keçirilmişdir. Tədbirin məqsədi Ümummilli liderimiz Heydər Əliyevin kitabxana işinə verdiyi töhfələrin elmi baxımdan təhlili və bu sahədə gənc tədqiqatçıların fəallığını artırmaq olmuşdur. Seminarda ADMİU-nun Kulturologiya fakültəsinin sonuncu təhsil ilinin Kitabxana-informasiya mərkəzində istehsalat təcrübəsində olan tələbələri, əməkdaşlar iştirak etmişdir. Günay Abbasova “Müstəqillik dövründə teatr sənətinə həsr olunmuş nəşrlər”, Zəhra Cəlilova “Azərbaycan kino tarixinə dair informasiya resursları”, Əfsanə Əhmədova “Kitabxanada müəllif hüquqlarının qorunması”, Nəzrin Heydərli ““Şuşa – tarix və mədəniyyət simvolumuz” mövzusu biblioqrafik ehtiyatlarda” və Zəhra İsmayılzadə ““Nobel mükafatı laureatları” seriyasından nəşrlər” adlı təqdimatla çıxış etmişdir. Tədbirdə, həmçinin, Ulu öndər Heydər Əliyevin ölkədə kitabxana sisteminin modernləşdirilməsi, informasiya cəmiyyətinin formalaşmasında kitabxanaların rolu və mədəni irsin qorunub saxlanılmasında kitabxanaların funksiyası kimi mövzularda diskussiya aparılmışdır. Müzakirələr zamanı iştirakçılar Heydər Əliyev mərhələsinin kitabxana işinin inkişafında yaratdığı əsaslı zəmin barədə fikir mübadiləsi aparmış, gələcək tədqiqat istiqamətləri müəyyənləşdirilmişdir. Seminar elmi-praktiki əhəmiyyəti və tələbələrin təşəbbüskarlığını dəstəkləməsi baxımından yüksək dəyərləndirilmişdir.