Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq kafedrasının təşkilatçılığı ilə ənənəvi “Sürət və cürət” III etüd müsabiqəsinin açılış konserti keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konsert proqramı Beynəlxalq Muğam Mərkəzində ADMİU rəhbərliyinin, professor-müəllim heyətinin, tələbələrin və musiqisevərlərin iştirakı ilə baş tutub.

Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova artıq 3-cü dəfədir keçirilən və ənənə halını alan müsabiqənin əhəmiyyətindən danışıb, onu tələbələrin öz praktiki bacarıqlarını artırmaları, Azərbaycan və dünya bəstəkarlarının yaradıcılıqlarında yer alan etüdlərlə daha yaxından tanış olmaları üçün gözəl fürsət adlandırıb. Müsabiqədə iştirak edən hər kəsə uğurlar arzu edən rektor bu müsabiqənin də digərləri kimi tələbələrimizin yaradıcılıqlarının ilk mərhələsində önəmli yer tutacağına inandığını vurğulayıb.

Azərbaycan bəstəkarlarının etüdlərinin təqdimatı ilə başlayan konsertdə tələbə və müəllimlər bir-birindən maraqlı əsərlər ifa ediblər.