Muğamın azad Ağdama Böyük Qayıdışı – Şahanə Müşfiq yazır

AĞDAMDA YENİ MUĞAM MƏRKƏZİNİN AÇILIŞI İLƏ BAĞLI MƏDƏNİYYƏT NÜMAYƏNDƏLƏRİNİN TƏƏSSÜRATLARI

Şahanə MÜŞFİQ

Otuz ilin sükutunu bir səs pozdu – muğam səsi. Bu səs torpağın alt qatından, dağıdılmış evlərin, viran qalmış həyətlərin, külə dönmüş səhnələrin altından süzülüb, yaddaşlara hopmuş iztirabların üstündən uçub, azadlığa çıxan bir xalqın ürəyindən gəldi. Qəlblərdə gizlənən, dillərdə nisgillə çəkilən bir səs idi bu – yurduna dönən muğamın səsi.

Ağdamın bağrında – illərlə nisgil içində yatan torpağın sinəsində, təkcə bir şəhər deyil, bir yarımçıq xatirə kimi danışılan, azadlıq ümidi ilə gözlənilən o məkanda Muğam Mərkəzi ucaldı. Bu, yalnız bir binanın açılışı deyildi. Bu, bir ruhun yurduna qayıdışı, bir mədəniyyətin əsirlikdən azad edilişi idi.

Bu yeni Muğam Mərkəzi təkcə memarlıq incisi deyil, xalqın qürurunun, milli kimliyinin və mənəvi dəyərlərinin yenidən və möhtəşəm şəkildə ucaldılmasıdır.

Qarabağın dirçəlişi yalnız daşla, sementlə yox, ruhla, səslə, sənətlə baş verir. Hər daşın, hər kərpicin içində muğam sədası, hər sütunda alqışlı nəfəs var sanki.

Və bu möcüzənin önündə-arxasında dövlət dayanıb – sadəcə idarə edən deyil, xalqın ruhuna sahib çıxan bir dövlət!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və uzaqgörənliyi, birinci xanım Mehriban Əliyevanın mədəniyyətə və sənətə göstərdiyi sonsuz diqqət bu gün yalnız paytaxtda deyil, azad olunmuş torpaqlarda da öz bariz nəticəsini verir. Bu qayğı sözlərlə deyil, əməllərlə danışır. Çünki bu dövlətdə sənət təkcə estetik deyil, həm də ideoloji gücdür, xalqı birləşdirən, tarixi qoruyan, yaddaşı oyadan bir güc.

Ağdam Muğam Mərkəzi bu dövlətin incəsənətə verdiyi önəmin ən parlaq ifadəsidir. Burada səslənən muğamlar, sanki yalnız not deyil, bir xalqın azadlıq nəğməsidir. Bu səslər göstərir ki, dövlət öz mədəniyyətini ayaqda tutmaqla, həm də öz suverenliyini, ruhani müstəqilliyini qoruyur.

Bu səsin əks-sədası təkcə Ağdamda yox, bütün Azərbaycanda duyuldu. Hər kəsin ürəyindən bir muğam keçdi o gün, yaddaşlarda doğuldu, torpaqda səsləndi, səmaya qalxdı. Bu tarixi hadisə yalnız bir mərkəzin açılışı ilə bitmədi. Bu, həm də incəsənətə könül verənlərin, illərlə o torpaq üçün darıxan sənətkarların ürəyində qopan fırtınanın, qürurun, sevincin adı idi.

Ağdam Muğam Mərkəzinin açılışında iştirak edən sənət adamlarının, ictimaiyyət nümayəndələrinin baxışlarında dərin bir heyranlıq, sanki ruhani rahatlıq vardı. Onlar bu günü sadəcə bir tədbir kimi deyil, bir yurdun, bir səhnənin, bir səsin dirçəlişi kimi yaşadılar. Hər birinin ürəyində muğamla yoğrulan duyğular, illərin nisgilindən doğan, azadlıqla cilalanan hisslər baş qaldırmışdı.

Onların sözlərində təkcə sənət yox idi, torpaq, yurd, xalq, dövlət və yaddaş vardı. Bəziləri göz yaşları ilə danışdı, bəzilərinin səsi titrədi. Amma hamısının səsində və sözündə bir həqiqət vardı: Muğam azad Ağdama qayıtdı.

Xəbər verdiyimiz kimi, mərasimdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, Əməkdar İncəsənət xadimi, professor Ceyran Mahmudova və ADMİU-da pedaqoji fəaliyyətlə məşğul olan bir sıra sənətkarlarımız da iştirak etdilər.

Bəs onlar bu qayıdışı necə yaşadılar, bu möhtəşəm günü necə dəyərləndirdilər? Gəlin onların dilindən oxuyaq…

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova Ağdam Mədəniyyət Mərkəzinin açılışını son dövrlər Azərbaycan mədəniyyətində baş vermiş ən böyük hadisələrdən biri hesab edir: “Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi zəfərdən sonra işğaldan azad edilmiş torpaqlarda yenidənqurma və bərpa işləri sürətlə həyata keçirilməkdədir.

Təqdirəlayiq haldır ki, yenidən tikilən obyektlər arasında mədəniyyət ocaqları da var. Bu sırada Ümummilli lider Heydər Əliyevin anadan olduğu gün – mayın 10-da ilk qonaqlarına ev sahibliyi etmiş Ağdam Muğam Mərkəzinin açılışı xüsusilə əlamətdar hadisədir. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın açılışda iştirakı bizim üçün – oraya toplaşan bütün incəsənət xadimləri üçün ikiqat bayram oldu. Cənab Prezidentin mənalı və hərtərəfli çıxışı, yaxın keçmişimizlə bağlı fikirləri, gələcəyə yönəlmiş planları ilə bağlı açıqlamaları, eləcə də dolğun, maraqlı konsert proqramı – bütün bunlar ömrümüzün unudulmaz anlarına çevrildi. Belə hadisənin canlı şahidi olmaq həm mənim, həm də orada qonaq qismində iştirak edən bütün ADMİU professor-müəllim heyətinin nümayəndələri üçün böyük fəxrdir. Şübhə etmirəm ki, azad olmuş torpaqlarımızda keçiriləcək belə bayram ruhlu tədbirlərə şahidlik gələcəkdə də bizə nəsib olacaq”.

ADMİU-nun “Muğam sənəti” kafedrasının müdiri, Xalq artisti Teyyub Aslanov da bu tarixi anların şahidi kimi məmnunluğunu ifadə etdi: “Bu günlərdə Ağdam şəhərində bütün muğamsevərlərlə birlikdə tarixi bir günün şahidi olduq. Belə ki, mayın 10-da – Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə Ağdam Muğam Mərkəzinin möhtəşəm açılış mərasimi keçirildi. Açılışda ölkəmizin başçısı cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı bu tədbiri əsl bayrama çevirdi. Mərkəzdə muğamımızın, musiqimizin təbliği üçün çox gözəl şərait yaradılıb. Kinozal, rəqs zalları, kitabxana, ən əsası isə 470 nəfərlik konsert zalı var. Bu da o deməkdir ki, gələcəkdə burada müxtəlif tədbirlər, konsertlər təşkil etmək üçün ideal şərait yaradılıb. Bütün bunların da muğamımızın inkişafında müstəsna rolu olacağına inanıram. Mərkəzin ərazisində hətta 615 nəfərlik amfiteatr da inşa edilib. Bu da muğamsevərləri sevindirməyə bilməz. Çünki mövsümi olaraq hər fəsildə tədbirlər keçirilə biləcək zalları var ki, bu da il boyunca keçiriləcək möhtəşəm konsertlərin sorağını indidən verir.

İnanıram ki, yaxın gələcəkdən etibarən burada gözəl səslər, xanəndələr, musiqiçilər yetişəcək. Bildiyimiz kimi, Qarabağ, xüsusilə Ağdam gözəl səslərin, əvəzsiz xanəndələrin beşiyi olub. Yaradılan bu cür şəraitlə Ağdam muğam mühiti bundan sonra öz missiyasını daha möhtəşəm şəkildə davam etdirəcək”.

ADMİU-nun “Aşıq sənəti” kafedrasının müdiri, Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva (Aşıq Samirə) muğam və aşıq sənətlərinin bugünkü inkişafından çox məmnundur: “Muğam sənəti, aşıq sənəti ölkəmizin birinci xanımı Mehriban Əliyevanın əməyi sayəsində UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil olduqdan sonra muğamımıza, aşıq sənətimizə yeni bir nəfəs gəlib. İldən-ilə Azərbaycan musiqisinin, mədəniyyətinin daha da inkişaf etdiyinin şahidi oluruq. İşğaldan azad edilmiş ərazilərimizdə gedən yenidənqurma işləri, gözlə görünən inkişaf bizim üçün çox sevindirici haldır. Mədəniyyətimizə, musiqimizə aid olan tarixi hadisələr – festivallar, beynəlxalq forumlar, tədbirlər, mədəniyyət mərkəzlərinin, musiqi məktəblərinin açılması olduqca təqdirəlayiqdir. Ağdamın işğaldan azad olunmuş ərazisində Muğam Mərkəzinin açılışı muğamın həm də doğma diyara qayıdışıdır. Bu tarixi günlərə şahidlik etdiyim, açılışda iştirak edən incəsənət nümayəndələrinin arasında yer aldığım üçün özümü aşıq sənətinin nümayəndəsi və Mədəniyyət və İncəsənət Universitetində aşıq sənətinin tədrisi ilə məşğul olan pedaqoq kimi çox xoşbəxt və şanslı hesab edir, böyük qürur duyuram. Bir sənət adamı kimi mədəniyyətimizin inkişafına, eləcə də sənətkarlarımıza məhz dövlətimiz tərəfindən göstərilən bu cür diqqət və qayğı bizi daha da ruhlandırır. Ölkəmizdə günbəgün sənətin, mədəniyyətin inkişafına böyük şərait yaradılır. Əminəm ki, biz sənət adamları da yaradılan bu şəraitdən istifadə edərək incəsənətimizin inkişafı, beynəlxalq arenalarda daha da uğurlu təbliği üçün bundan sonra da əzmlə çalışacağıq. Bu, bizim mənəvi borcumuzdur”.

ADMİU-nun professoru, Xalq artisti, ustad tarzən Zamiq Əliyev həmin tarixi günün təəssüratlarını bölüşərkən dedi: “Bu gün Qarabağda Muğam Mərkəzinin açılması nəinki məni, bütün incəsənət nümayəndələrini ürəkdən sevindirdi. Bir zamanlar yerlə-yeksan edilən Ağdamda bu gün sürətlə aparılan yenidənqurma işləri, tikilən yeni binalar, Ağdam oteli və xüsusən, Ağdam Muğam Mərkəzi hamımızı valeh etdi. Mərkəzdə çox gözəl ab-hava, möhtəşəm atmosfer var. Möhtərəm Prezidentimizin və ölkəmizin birinci xanımının açılışda iştirakı, dövlət başçısının söylədiyi möhtəşəm nitq unudulmazdır. Daha sonra sənətkarlarımızın çıxışı ilə baş tutan möhtəşəm konsert proqramı ruhumuzu təzələdi. Konsertin sonunda isə balaca xanəndələrin çıxışı bizdə heyranlıq oyatdı. O uşaqların çıxışı muğamımızın uğurlu gələcəyinə olan inam, əminlikdir. Konsertin sonunda cənab Prezidentin və Mehriban xanım Əliyevanın səhnəyə çıxıb iştirakçılarla, sonra isə Muğam Mərkəzinin önündə sənət adamları və Ağdam sakinləri ilə görüşməsi hamımızı qürurlandırdı.

Ağdam Muğam Mərkəzinin açılışı təkcə dünənimizin yox, bu günümüzün, sabahımızın qələbəsidir. Əgər ordumuz cəbhədə düşmənə həddini bildirirsə, muğamımız da beynəlxalq səhnələrdə Azərbaycan incəsənətinin qüdrətini sübut edir. Allah şəhidlərimizə rəhmət eləsin, xalqımıza hər zaman gözəl günlər nəsib etsin!”

ADMİU-nun professoru, Xalq artisti Mələkxanım Eyyubova Ağdam təəssüratları ilə yanaşı, həmin gün Prezidentlə görüşdə bir neçə gündür rezonansa səbəb olan ifası haqqında da danışdı: “Çox şükür ki, 30 ildən sonra cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti, rəşadətli ordumuzun cəsarəti sayəsində torpaqlarımız düşmən işğaldan azad edildi. Həmin gündən etibarən Qarabağımızda yenidənqurma işləri başladıldı, yollar çəkildi, binalar, otellər tikildi, mədəniyyət mərkəzləri açıldı. Üç ildir ki, muğam müsabiqəsinin münsiflər heyətinin üzvü kimi, eləcə də bir çox tədbirlərdə, konsertlərdə iştirak etmək üçün tez-tez o torpaqlarımıza gedir və oraların günbəgün necə çiçəkləndiyinin, gözəlləşdiyinin şahidi oluruq.

Ümummilli Liderimiz Heydər Əliyevin anadan olduğu gün açılışına toplaşdığımız Ağdam Muğam Mərkəzi ölkəmizin başçısı, cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın muğamsevərlərimizə çox böyük töhfəsidir. Mərkəz o qədər gözəl, o qədər əzəmətlidir ki, insan baxdıqca heyrət edir, bu tez zamanda nə qədər möhtəşəm və lazımlı işlər görüldü. Arzu edirəm ki, bundan sonra Qarabağımızdan yalnız musiqi sədaları, konsert səsləri ucalsın.

Konsert proqramından sonra Mərkəzin qarşısında cənab Prezident və Mehriban xanı incəsənət nümayəndələri və Ağdam sakinləri ilə görüşdülər. Yəqin ki, görüntülərdə sizin də diqqətinizi çəkdi, cənab İlham Əliyev “Qarabağ” mahnısını necə kövrələrək bizimlə birgə dodağının altında zümzümə edirdi. O əsnada hiss etdim ki, burada nəsə çatmır, bu ifa mütləq zildə tamamlanmalıdır və mən onu bədahətən oxuyanda Prezident böyük məmnunluqla əlini mənə sarı uzatdı və məhz bunu gözlədiyini bildirdi. Biri var hazırlanmış konsert, biri də var ki, bədahətən yaranan ifa və onun səbəb olduğu coşğu, bunu heç nə əvəz edə bilməz.

Allah xalqımıza bundan sonra o torpaqlarımızda toy-bayram, yalnız gözəl günlər keçirməyi nəsib etsin! Allah şəhidlərimizə rəhmət eləsin!”

Muğam indi təkcə bir musiqi janrı deyil, muğam bu gün azadlığın sədasıdır. Torpağa, səhnəyə, xalqın qəlbinə qayıdan bir ruhdur. Qarabağa yuvaya qayıdaraq orada yenidən və daha da əzəmətlə səslənən bu qədim musiqi bir daha sübut edir ki, sənət doğma yurd, münbit zəmin və səmimi, hərarətli nəfəs istəyir. Bu, böyük bir xoşbəxtlikdir ki, muğamımız Azərbaycan dövlətinin qayğısı ilə indi doğma məcrasında rahat, geniş nəfəs ala bilir. Bu gün azad Qarabağla birlikdə muğamımız da tam mənada azaddır və onun sədaları xalqımızın dünyaya bəxş etdiyi uca dəyər kimi bəşəriyyətə azadlıq mesajlarımızı çatdırır!