PİLLƏ 3 Respublika Tələbə Tamaşaları Festivalı öz işinə başladı
Mayın 26-da Azərbaycan Dövlət Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə həyata keçirilən PİLLƏ 3 Respublika Tələbə Tamaşaları Festivalının açılış mərasimi baş tutub.
Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayan mərasimdə ADMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, qonaqlar və media nümayəndələri iştirak ediblər.
Açılış nömrəsindən sonra aparıcılar İlhan Sadıqov və Aydan Həsənzadə Pillə Festivalı haqqında məlumat verib. Qeyd olunub ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi münasibəti ilə “PİLLƏ 3” Tələbə Tamaşaları Festivalı bu mühüm hadisəyə ithaf olunur. Festival tələbələri yaradıcılığa ruhlandırmaq, onlara sənət bayramı yaşatmaq, gənc istedadların aşkarlanmasına dəstək olmaq və teatr tədrisi prosesini aktivləşdirmək məqsədlərini hədəfləyir.
ADMİU-nun rektoru, Əməkdar İncəsənət xadimi, professor Ceyran Mahmudova çıxış edərək qonaqları salamlayıb və Pillə Tələbə Tamaşaları Festivalının tarixi haqqında qısa məlumat verib: “Çox sevindirici haldır ki, Pillə festivalı artıq universitetimizin həyatında mühüm rol alıb. Tələbələrimiz tamaşa hazırlayarkən onun Pillə Festivalında iştirakını da nəzərə alır, o motivasiya ilə hazırlaşırlar. Əlamətdar haldır ki, bu gün festival Respublika səviyyəsində keçirilir. Ancaq biz inanırıq ki, yaxın zamanda bu festival beynəlxalq səviyyədə keçiriləcək”.
Yaxın günlərdə Qazaxıstanda keçirilən TÜRKSOY III Beynəlxalq Tələbə Tamaşalarında iştirak edən xanım rektor həmin səfər haqqında danışaraq, ADMİU-nun ölkəmizdən uzaqda mötəbər festivalda uğurla təmsil olunduğunu vurğulayıb, Festivalın “Ən yaxşı kişi rolu” nominasiyası üzrə qalib olmuş Rahib Allahquliyev başda olmaqla, bütün iştirakçı tələbələri təbrik edib, onlarla fəxr elədiyini vurğulayıb.
Eyni zamanda C.Mahmudova çıxışında bildirib ki, ilk dəfə olaraq ADMİU Şuşada keçirilən Beynəlxalq Xarıbülbül festivalında da uğurla təmsil olunub: “Öz adımdan, universitet kollektivi adından bütün tələbələrimizi təbrik edirəm. Hər bir tələbənin uğurunun arxasında müəllim zəhməti durur. Mən tələbələrimizi də, onların müəllimlərini də alqışlayıram”.
Pillə3 Respublika Tələbə Tamaşaları Festivalında 8 universitetin də təmsil olunduğunu nəzərə çatdıran rektor C.Mahmudova onlara və bütün iştirakçılara uğurlar arzu edib.
Pillə Tələbə Tamaşaları Festivalının tarixini əks etdirən video çarxın nümayişindən sonra ADMİU-nun Musiqili Teatr kafedrasının tələbələri çıxış ediblər.
Münsiflər heyətinin sədri Dram rejissoru və səhnə plastikası kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov çıxış edərək Pillə Tələbə Tamaşaları Festivalının önəmindən danışıb, bütün iştirakçılara uğurlar arzu edib.
Daha sonra Pillə 2 festivalının “Ən yaxşı kişi rolu”nun qalibi Elməddin Zakirli çıxış edib, öz təcrübələrini və təəssüratlarını bölüşüb.
Açılış mərasimində, həmçinin, Teatr sənəti fakültəsinin tələbələrinin ifasında Ü.Hacıbəylinin felyetonlarından ibarət səhnəcik nümayiş olunub, Pillə 3 festivalının proqramı video-çarxla təqdim edilib.
Açılış mərasimindən sonra ADMİU-nun tələbələrinin ifasında “Dönüş” tamaşası oynanılıb.
Həmçinin, festivalın ilk günündə Naxçıvan Dövlət Universitetinin tələbələri “Uçurum” (H.Cavid), ADMİU təmsilçiləri “Arqon” (Ş.Xeyrulla) və Azərbaycan Dillər Universiteti “Arşın mal alan” (Ü.Hacıbəyli. İngilis dilində) tamaşaları ilə çıxış ediblər.