ADMİU ilk dəfə “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında təmsil olunub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilk dəfə olaraq Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında təmsil olunub. Belə ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Şuşanın gözəl memarlıq incilərindən biri – Xan qızı Natəvanın sarayının qarşısında ADMİU-nun tələbələrinin ifasında “Üzeyir bəy belə deyərdi: “Babalı Sərvərin boynuna” adlı teatr tamaşası nümayiş olunub.

Üzeyir Hacıbəylinin felyetonlarından ilhamlanaraq hazırlanmış tamaşada müəllifin yumor və satira ilə qələmə aldığı sosial mövzulara yaradıcı və fərqli yanaşma nümayiş etdirilib.

Tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, musiqi dizaynı Azər Hacıəsgərlidir.

Tədbir iştirakçıları belə layihələrin Şuşanın mədəni həyatına rəng qatdığını, milli irsin qorunması və təbliği baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.

Tamaşa eyni zamanda, gənc istedadların dəstəklənməsi və səhnə təcrübəsinin artırılması baxımından da uğurlu təşəbbüs kimi dəyərləndirilib.