Ədəbiyyatşünaslığa dair yeni nəşrlər fondumuzda
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimlərinin yeni çap olunmuş əsərləri – “Leyla Əliyevanın poetik dünyası”, “Bayram İnsgəndərlinin həyatı, bədii yaradıcılığı və publisistikası”, “Bəkir Nəbiyevin tənqidçi fərdiyyəti”, “Azərbaycanın qadın yazarı – Mənzər Niyarlı” ADMİU-nun Kitabxana-informasiya mərkəzinə hədiyyə olunub.
AMEA-nın professoru, Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” adlı monoqrafiyasında Heydər Əliyev Fondunun vitse-prezidenti, ictimai xadim Leyla Əliyevanın Azərbaycan, türk, rus, belarus, həmçinin, Şərq və Qərb dillərinə tərcümə edilərək geniş oxucu auditoriyasına çatdırılan şeirləri təhlil olunur. 2024-cü ildə “Sənətkarın elmi pasportu” seriyasının 51-ci nəşri kimi çap edilmiş kitabda Leyla Əliyevanın şeirlərinə dünya dillərində mahnılar bəstələnməsi tədqiq edilir, onun poeziyasının qaynaqlarına nəzər salınır, eləcə də, şairənin poetik nümunələrinin mövzu müxtəlifliyi və rəngarəngliyi öyrənilir.
Monoqrafiya Leyla Əliyevanın bədii yaradıcılığının problematikasını geniş şəkildə əks etdirir. Burada şairənin yaradıcılığında heca vəzninə, sərbəst şeir şəklinə, həmçinin, Avropa ədəbiyyatında formalaşan elegiyaya müraciət etməsinin təhlilə cəlb olunması diqqətdən yayınmır. Leyla Əliyevanın poeziyasının doğma insanların bədii obrazları, müəllif “mən”i, lirik qəhrəmanın tərənnümü ilə yanaşı, qadın obrazlarına və körpə dünyasına poetik baxışı və s. özündə əks etdirməsi monoqrafik tədqiqatın elmi yeniliyi kimi maraq doğurur. Maraqlıdır ki, müəllif Leyla Əliyevanın poetik nümunələrinin bədii dilinin və təsvir vasitələrinin işlənmə xüsusiyyətlərinə nəzər salınması, istifadə etdiyi ritorik suallar, monoloq şəklində müraciəti, simvollar, epitet və təşbehlər, bədii təzadlar, metaforlar, sinonimlər, xitab və s. məqamları incələməyi də diqqətdən kənar qoymamışdır.
Professor Salidə Şərifovanın “Bayram İnsgəndərlinin həyatı, bədii yaradıcılığı və publisistikası” adlı tədqiqat əsəri 2024-cü ildə “Elm və təhsil” nəşriyyatında çap olunmuşdur. Monoqrafiyada jurnalist, dramaturq, yazıçı, publisist Bayram İsgəndərlinin həyatı, bədii yaradıcılığı, publisistikası, mənsur şeirlərinin, hekayələrinin, nağıllarının və pyeslərinin problematikası, janr müxtəlifliyi və bədii xüsusiyyətləri, mənsur şeirlərində xalq yaradıcılığına müraciət etməsi və s. aktual problemlər geniş tədqiq edilib. Kitab “Sənətkarın elmi pasportu” seriyasının 54-cü nəşri kimi nəşr edilmişdir.
Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əsmər Hüseynovanın “Bəkir Nəbiyevin tənqidçi fərdiyyəti” adlı kitabı akademik Bəkir Nəbiyevin elmi irsinin əsas mövzu və problemlərini əhatə edir. Nəşrdə alimin çoxşaxəli yaradıcılıq imkanlarına məxsus tənqidçi-ədəbiyyatşünas mövqeyi tədqiqat müstəvisinə gətirilir. Aparılan araşdırmalar ədəbi-nəzəri fikirdə alimin elmi dəyərinin milli irs kimi dəyərləndirməsi məqsədi daşıyır. 2024-cü ilin “Sənətkarın elmi pasportu” seriyasından 56-cı nəşri olan monoqrafiya akademik Bəkir Nəbiyev haqqında ədəbiyyat tarixində ilk dəfə yazılmış “Bəkir Nəbiyevin elmi-ədəbi irsi” adlı dissertasiya işinin elmi materialları əsasında yenidən işlənmişdir.
2025-ci ildə Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çapdan çıxmış “Azərbaycanın qadın yazarı – Mənzər Niyarlı” kitabının tərtibçisi, filologiya üzrə fəlsəfə doktoru Şəhla Hüseynlidir. Kitabda yazıçı Mənzər Niyarlının bədii yaradıcılığı haqqında müxtəlif illərdə qələmə alınmış elmi məqalə və esselər toplanmışdır. Nəşrin elmi redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru Salidə Şərifovadır.
Gənc nəslin mənəvi tərbiyəsində, peşə biliklərinin artırılmasında və nəzəri tədqiqatlarında mühüm rol oynacaq bu dəyərli kitabları ADMİU-ya hədiyyə etdiyi üçün müəlliflərə təşəkkür edirik!