ADMİU-nun müəllimləri Laçında beynəlxalq sərgidə iştirak ediblər

Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ili çərçivəsində Seyrəngah adlanan ərazidə “Birlik rəngləri” adlı beynəlxalq incəsənət sərgisi açılıb.

Bu sərgi MDB ölkələri coğrafiyasında zəngin mədəniyyət və incəsənət nümunələrini bir araya gətirərək, xalqlar arasında dostluq və əməkdaşlıq əlaqələrini daha da gücləndirməyi hədəfləyir.

Sərgidə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin müəllimləri- Əməkdar rəssam Vüqar Əliyev və baş müəllim Azər Abdullayev də iştirak ediblər.

İştirakçı rəssamların əsərləri Laçının ən hündür məkanlarından olan Seyrəngahda sərgilənib.

“Art in Action” adlanan layihə çərçivəsində, fərdi ifadələrin birləşərək necə güclü və ahəngdar bir bütöv yarada biləcəyini araşdırmaq məqsədilə “Birlik Rəngləri” adlı innovativ tədbir izləyicilərdə dərin təəssürat yaradıb.

Bu sərgidə iştirak edən hər bir rəssam, Laçın şəhəri haqqında özünəməxsus üslubunu və baxış bucağını ortaq bir kətana əks etdirib. Bu kollektiv proses, sənətçilərin bir-birindən ilham almasına, fərqli texnikaları birləşdirməsinə və vahid bir mövzu ətrafında birləşməsinə imkan yaradıb.

Nəticədə, doqquz fərqli rəssamın öz bacarıqlarını birləşdirərək vahid bir əsər yaratdığı möhtəşəm bir sənət nümunəsi ortaya çıxıb. Yaranan bu əsər tədbirdən xatirə olaraq Laçın şəhərinə hədiyyə ediləcək.