ADMİU-nun məzunu beynəlxalq muğam ifaçıları müsabiqəsinin qalibi olub
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Milli Konservatoriyasında beynəlxalq muğam ifaçıları müsabiqəsi təşkil olunub.
İki turdan ibarət müsabiqədə Azərbaycan, Türkiyə, Tacikistan, Özbəkistan, Səudiyyə Ərəbistanı, Çin və digər ölkələrdən ümumilikdə 31 gənc muğam ifaçısı iştirak edib.
Beynəlxalq münsiflər heyətinin qərarı ilə 14 iştirakçı finala vəsiqə qazanıb. Onların sırasından 6 ifaçı müsabiqənin qalibi olub. Ölkəmizi təmsil edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsində Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artist Qoçaq Əsgərovdan dərs almış məzun Məftun Səfərli ən yaxşı nəticə göstərərək müsabiqənin Qran-prisini qazanıb.
Qeyd edək ki, Özbəkistanın sədrlik etdiyi münsiflər heyətində Azərbaycan, Türkiyə və Almaniya təmsil olunub.
Müsabiqə laureatlarının mükafatları iyunun 22-də Ağdam Muğam Mərkəzində keçirilmiş bağlanış mərasimi və yekun konsertdə təqdim olunub.