Tələbələrin istehsalat təcrübəsi üzrə yekun qiymətləndirilməsi aparılıb
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin və ADMİU nəzdində Humanitar Kollecin kitabxanaçılıq üzrə sonuncu təhsil ili tələbələrinin Kitabxana-informasiya mərkəzində keçdikləri istehsalat təcrübəsinin yekun qiymətləndirilməsi aparılıb. 2025-ci il fevral ayının 17-dən başlamış təcrübə müddətində tələbələrin hazırlığına rəhbərlik edən mərkəzin müdiri Tamilla Əsgərovanın, habelə, təhsil müəssisələrindən olan rəhbərlər – Könül Əliyeva və Natiq Mürsəlovun müəyyən etdiyi mövzular əsasında tərtib olunmuş fərdi tapşırıqların təqdimatı baş tutub. Təqdimatda tələbələr mərkəzin fəaliyyətinin müxtəlif cəhətlərinə həsr olunmuş mövzular haqqında ətraflı çıxış ediblər. Təqdimatlardan sonra təcrübənin müəssisədən və kafedradan olan rəhbərləri tələbələrin istehsalat təcrübəsini qiymətləndiriblər. Bildirilib ki, tələbələr təcrübə müddətində mərkəzin sənəd-informasiya fondunun formalaşdırılması, istifadəsi, təbliği və mühafizəsinin təşkili, rəqəmsal kitabxana platforması və sosial şəbəkə texnologiyaları ilə oxuculara xidmət işinin təşkilinə cəlb olunublar. Kitabxana-biblioqrafiya və informasiya xidmətinin dolğun və operativ qaydada həyata keçirilməsinə böyük maraq göstərən tələbələr, mərkəzdə geniş tətbiq olunan “İRBİS-64” Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemində kitabxana-biblioqrafiya və informasiya proseslərinin elektronlaşdırılması ilə yaxından tanış olublar.