ADMİU-nun dosentinin yeni kitabı nəşr olunub

ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinin fonduna “Dram teatrı və kino aktyoru” kafedrasının dosenti, Xalq artisti Vidadi Həsənovun yeni çap olunmuş “Səhnələşdirmələr toplusu” adlı kitabı hədiyyə edilib. Nəşrə daxil edilən əsərlər tanınmış rejissor, ssenarist və aktyor V.Həsənov tərəfindən müxtəlif vaxtlarda tamaşaya qoyulmuşdur. “Qanun” nəşriyyatında çapdan çıxan kitaba Azərbaycan və dünya dramaturqlarının əsərləri əsasında bir bölümlü səhnə tamaşaları salınmışdır.
Burada Üzeyir Hacıbəyovun felyetonları əsasında tətrib olunmuş “Məsəl, ya Əməl” oyunu, Ştefan Svayqın eyni adlı novellası əsasında “Yad qadının məktubu” melodraması, İlyas Əfəndiyevin pyeslərinin motivləri əsasında “Unudulmaz əfəndi” oyunu, Yusif Səmədoğlunun eyniadlı hekayəsi əsasında “220 saylı otaq” dramatik əhvalatı, Frans Kafkanın “Çevrilmə” və Pərviz Seyidlinin eyniadlı hekayəsinin motivləri əsasında “Maraqlı fiqur və yaxud siçan qadın” mono-pyesi, Rövşən Ağayevin eyniadlı pyesinin motivləri əsasında “Bir gecənin nağılı” melodraması və “Vidalaşmadan getməyin” mono-pyesi, Afaq Məsudun hekayələrinin motivləri əsasında “Tovuzquşulu yay pərdələri” oyunu, Sayman Aruzun “Yüz il inqilab” romanının motivləri əsasında “Dirilmə” minipyesi, Natiq Məmmədlinin “Dumana bürünmüş” pyesinin motivləri əsasında “Yasəmən ağacı” absurd komediyası və Vidadi Həsənovun “Tənha skripka üçün prozaik duet” astana oyunu oxuculara təqdim olunur.
Bu nəşrdən aktyor sənəti ixtisasında təhsil alan tələbələr dərs vəsaiti kimi Kitabxana-İnformasiya Mərkəzində istifadə edə bilər.