Kitabxanaçılıq və informasiya fəaliyyətinə dair yeni tədris nəşri

Kitabxana-İnformasiya Mərkəzinin fonduna ixtisasyönümlü yeni tədris ədəbiyyatı daxil olub. ADMİU-nun “Turizm və kitabxana-informasiya fəaliyyəti” kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Eldəniz Elman oğlu Məmmədovun ingilis dilində yeni çap edilmiş “History of books and libraries in Azerbaijan” (Azərbaycanda kitab və kitabxana tarixi) adlı dərs vəsaiti alimin uzunmüddətli elmi-pedaqoji və fundamental tədqiqatçılıq fəaliyyətinin nəticəsidir. Tədris nəşri E.Məmmədovun ölkəmizdə “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan ali məktəb tələbələri üçün ingilis dilinə ərsəyə gətirdiyi ilk dərs vəsaitidir. Kitabda qədim zamanlardan XXI əsrin əvvəllərinədək Azərbaycanda kitab və kitabxana mədəniyyətinin formalaşması və inkişafının tarixi nəzəriyyəsi əks olunur. Yüksək bədii-texniki tərtibatla hazırlanan nəfis nüsxəli tədris ədəbiyyatı 3 bölmədən ibarətdir. Nəşrin əhəmiyyətini artıran mühüm cəhətlərdən biri də odur ki, müəllif burada seminar tapşırıqlarına dair sualları və Azərbaycan, ingilis və rus dillərində istifadə etdiyi mənbələrin biblioqrafik siyahısını tələbələrin diqqətinə çatdırır. ADMİU-nun Kulturologiya fakültəsinin tələbələri bu dəyərli dərs vəsaitindən Kitabxana-İnformasiya Mərkəzində tanış ola bilərlər.