Gülşad Baxşiyeva-70
Dekabr ayının 12-də ADMİU-nun “Dram teatrı və kino aktyoru” kafedrasının müdiri, Əməkdar artist, professor Gülşad Eynulla qızı Baxşıyevanın 70 illik yubileyi tamam oldu. Sevimli aktrisamız Gülşad xanım 1952-ci ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda professor Mehdi Məmmədovun kursunu bitirib. 1975-1985-ci illər ərzində S.Rəhman adına Şəki Dövlət Dram Teatrında aparıcı aktrisa kimi əsas rolları ifa etdib. O, 1982-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.
Gülşad Baxşıyeva teatr səhnəsindəki obrazlarla yanaşı, onlarla filmdə oynadığı bir-birindən maraqlı rollarla da yadda qalıb. 2006-cı ildə R.Əzizbəylinin “Yalan” filmindəki “Nisə” roluna görə “Ən yaxşı qadın obrazı” nominasiyasında Milli Kinematoqrafçılar İttifaqının “Qızıl çıraq” mükafatına layiq görülüb. Teatr və kino yaradıcılığıyla yanaşı, o həm də 1985-ci ildən ADMİU-da pedaqoji fəaliyyət göstərir. O, 2006-cı ildən isə professorluq vəzifəsində çalışır. Azərbaycan kino və televiziya səhnəsində özünəməxsus yaradıcılığı ilə tamaşaçılar arasında geniş rəğbət qazanmış dəyərli Gülşad xanımın hər il onlarla peşəkar aktyorun yetişməsində xüsusi xidmətləri vardır.
Hörmətli Gülşad xanım, Sizi yubileyiniz münasibətilə təbrik edir, möhkəm can sağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq!