Xalq artistinin dərs vəsaiti çapdan çıxıb
Dünyanın dörd bir tərəfində ecazkar muğam incilərimizi sevə-sevə təqdim edən tanınmış xanəndə, sözün əsl mənasında, musiqi mədəniyyətimizin elçisi, Azərbaycan və Özbəkistanın Xalq artisti, ADMİU-nun Muğam sənəti kafedrasının baş müəllimi Gülyanaq Məmmədovanın ali musiqi məktəbləri üçün tərtib etdiyi “Azərbaycan xalq mahnılarının məqam-intonasiya xüsusiyyətləri” adlı tədris nəşrinin çap olunması onun çoxillik pedaqoji fəaliyyətinin nəticəsi kimi diqqəti cəlb edir. Kitabda xalq musiqisinin milli üslubunun formalaşmasında mədəni-tarixi mühitin rolu göstərilir, bu üslubun əsasını təşkil edən Azərbaycan xalq mahnılarının uzunmüddətli tarixi inkişafının təkamül yolu əks etdirilir. Dərs vəsaitində geniş metodoloji bazaya əsaslanaraq mahnıların məqam-intonasiya xüsusiyyətləri araşdırılır. Nəşrin çap və elektron variantı ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzində oxucuların istifadəsinə təqdim edilir.