ADMİU-nun qadın alimlərinin əsərləri

ADMİU Kitabxana-İnformasiya Mərkəzi hər il “8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə” təşkil etdiyi sərgi ilə qadınlara qarşı nəzakət, sevgi və məhəbbəti tərənnümünü ənənəvi hala gətirib. Mərkəz bununla bağlı olaraq universitetdə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış incəsənət xadimlərinin və dövlət tərəfindən təltif olunmuş qadın əməkdaşlarının elmi əsərləri, tədris və metodiki nəşrlərindən ibarət kitab sərgisi təşkil edib. Çoxəsrlik mədəni irsimizin təşəkkülündə misilsiz xidmətlərə malik Azərbaycan qadını dünyaya bəşər mədəniyyəti xəzinəsinin incilərini yaradan görkəmli ədiblər, tarixi şəxsiyyətlər, tanınmış elm və sənət adamları bəxş edib. Milli varlığımızın ifadəsi olan zəngin mədəni-mənəvi irsimizə dəyər qatmış ADMİU-nun qadın alimlərinin intellektual yaradıcılığı gəncliyimizi yeni nailiyyətlər qazanmağa ruhlandırır. Mədəniyyət və incəsənətimizin inkişafına böyük töhfələr verən, öz istedaları ilə neçə-neçə peşəkar mütəxəssis yetişdirən, müəllimlərimizin fədakar elmi fəaliyyətinin nəticələrinin öz əksini tapdığı kitablar tədris prosesinin sənəd-informasiya təminatında tələbələr tərəfindən səmərəli istifadə olunur. Qürurverici haldır ki, ADMİU-nun bütün qadın əməkdaşları müstəqillik salnaməmizi yeni müvəffəqiyyətləri ilə zənginləşdirən ənənələrini uğurla davam etdirir, mədəniyyət və incəsənət sahəsində öz nailiyyətləri ilə xalqımızın milli-mədəni inkişafına öz töhfələrini verirlər. Əziz xanımlar, bayramınız mübarək!