Xalq artisti Teyyub Aslanovun yeni dərs vəsaiti nəşr olunub

ADMİU-nun Muğam sənəti kafedrasının müdiri, Xalq artisti, dosent Teyyub Aslanovun “Təsnif janrının musiqi üslub xüsusiyətləri” adlı dərs vəsaiti çapdan çıxıb. Geniş səs diapazonu, poeziyanı, xüsusilə də qəzəl janrını mükəmməl bilməsi, çox səlis tələffüzü məşhur xanəndəni xalqa sevdirə bilib. İfası, özünəməxsus improvizələri ilə nəinki muğam həvəskarlarının, bu sənətə dərindən bələd olan muğam bilicilərinin rəğbətini qazanıb. Xanəndənin yaradıcılığının musiqisevərlər tərəfindən yüksək dəyərləndirilməsinin əsas şərtlərindən biri də sənətini düzgün təqdim etməsidir.
Heydər Əliyev Fondunun həyata keçirdiyi onlarla mədəni layihənin fəal iştirakçısı olan Xalq artisti T.Aslanov xarici ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günləri, müxtəlif qastrol səfərlərində musiqi irsimizi layiqincə təmsil edib. 2001-ci ildən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim musiqi alətləri ansamblının solisti olan xanəndə 2009-cu ildən ADMİU-da muğam sənətinin sirlərini yeni nəsillərə çatdırır. Müəllifi olduğu ““Bayatı-Şiraz” muğamının ifaçılıq təfsiri” (2015) adlı metodik tövsiyədən sonra yeni nəşr olunan ““Təsnif janrının musiqi üslub xüsusiyətləri” adlı dərs vəsaiti də tələbələr üçün dəyərli tədris nəşridir. Kitabda xanəndəlik sənəti üçün vacib olan bir sıra məsələlər – xanəndəliyin inkişaf yolları, tətbiqi sahələri və repertuarı, janrlar və ifaçılıq xüsusiyyətləri, xanəndələrin təsnif yaradıcılığı, səs və not yazıları və s. işıqlandırılır. Dərs vəsaitində verilən şərhlərin əyani olması üçün not yazılarından istifadə edilmişdir. Bu dəyərli tədris vəsaitindən ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzində tanış olmaq olar.