Milli Azərbaycan Tarixi Muzeyinin yeni nəşrləri ADMİU-da

ADMİU ilə Milli Azərbaycan Tarixi Muzeyi arasında qurulan əməkdaşlıq elmi və mədəni əlaqələrin inkişafına, milli irsin qorunması və təbliği istiqamətində birgə layihələrin həyata keçirilməsinə əlverişli şərait yaradır. Bu əməkdaşlıq çərçivəsində muzey materiallarının universitet kitabxanasına təqdim olunması tələbələrin təhsil prosesində nəzəri biliklərinin dərinləşdirilməsi və təcrübi bacarıqlarının inkişaf etdirilməsinə mühüm töhfə verir. Son dövrdə ADMİU-nun Kitabxana-informasiya mərkəzinin fondu muzey tərəfindən hədiyyə edilən 2024-cü ildə işıq üzü görmüş yeni nəşrlərlə daha da zənginləşdirilib.

Muzeyin zəngin kolleksiyalarına istinadla hazırlanmış bu nəşrlər Azərbaycan xalqının tarixi-mədəni irsinin müxtəlif istiqamətlərini əhatə etməklə yanaşı, elmi-tədqiqat fəaliyyətində etibarlı və fundamental mənbə kimi əhəmiyyət kəsb edir. Muzey əməkdaşlarının ərəsəyə gətirdiyi bu dəyərli sənəd-informasiya resursları geniş tematik diapazonu əhatə edir. Onlar arasında milli musiqi alətləri, dekorativ-tətbiqi sənət nümunələri, qədim məişət əşyaları, arxeoloji tapıntılar, etnoqrafik kolleksiyalar, tarixi şəxsiyyətlər və milli mətbuat irsi kimi mövzular xüsusi yer tutur.

Yeni daxil olmuş nəşrlər sırasında aşağıdakı əsərlər yer alır:

  • “Azərbaycan musiqi alətləri xəzinəsi” – Muzeyin Etnoqrafiya, hədiyyələr və xatirə əşyaları, Tarixə köməkçi fənn materialları və Neqativ fondlarında toplanmış musiqi alətləri, foto və marka materiallarını əhatə edən kataloq;
  • “Boğçalar. Keçmiş məişətə səyahət” – ənənəvi məişət əşyalarından boğçaların tarixi və bədii xüsusiyyətlərinə həsr olunmuş kataloq;
  • “Güləbətin tikmə. Keçmiş məişətə səyahət” – güləbətin sənətinin tarixi, etimologiyası və texnologiyalarına dair geniş kataloq;
  • “Qafqaz Albaniyası mədəniyyətinin xristian elementləri” – erkən orta əsr xristianlıq dövrünə aid nadir arxeoloji artefaktların təqdimatı”
  • “Qarabağ sikkə dəfinələri” – müxtəlif dövrlərə aid qızıl, gümüş və mis sikkələrin elmi təsviri”
  • “Qarabağın görkəmli ziyalıları” – Qarabağın ziyalı irsini əks etdirən 1015 adda material əsasında tərtib olunmuş kitab-albom;
  • “Milli Azərbaycan Tarixi Muzeyi Etnoqrafiya fondunun çini kolleksiyası” – muzeyin çini nümunələrini təsvir və sənədləşdirən kataloq;
  • “Naxçıvan rəsm əsərlərində” – Təsviri materiallar fondundan rəsm kolleksiyasını əhatə edən kataloq;
  • Ə.Fərhadov – “Azərbaycan qəzetində (1947-1949) publisistika, mədəniyyət və ictimai-siyasi, iqtisadi məsələlər” – Cənubi Azərbaycanda 21 Azər hərəkatı, demokratiya uğrunda mübarizə və dövrün mədəni-siyasi panoramını əks etdirən monoqrafiya;
  • L.Mustafayev – “Milli Azərbaycan Tarixi Muzeyinin Son tunc-Erkən dəmir dövrünə aid Naxçıvan kolleksiyası” – Naxçıvanın qədim arxeoloji tapıntılarına həsr olunmuş elmi əsər;
  • T.Şiriyev – “Azərbaycan xalqının maddi mədəniyyətində İslam ənənələri” – XIV-XIX əsrlərdə maddi mədəniyyətin formalaşmasında İslam dininin roluna həsr olunmuş tarixi-etnoqrafik tədqiqat.

Hədiyyə olunan nəşrlərin universitet kitabxanasına daxil edilməsi bir sıra strateji məqsədlərə xidmət edir. İlk növbədə, elmi-tədqiqat bazasının genişləndirilməsi istiqamətində tələbə, magistr və doktorantların mövzu seçimi və tədqiqat işlərinin aparılmasında etibarlı və zəngin mənbələrlə təmin olunması mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, mədəni irsin təbliği baxımından milli-mədəni dəyərlərin qorunması, sistemli şəkildə sənədləşdirilməsi və gələcək nəsillərə ötürülməsi prosesi elmi və pedaqoji fəaliyyətin vacib istiqamətlərindən biri kimi ön plana çıxır. Nəhayət, fənlərarası yanaşmanın təşviqi istiqamətində tarix, muzeyşünaslıq, incəsənət tarixi, etnoqrafiya və arxeologiya kimi müxtəlif elmi sahələr arasında əlaqələrin möhkəmləndirilməsi və tədqiqat imkanlarının genişləndirilməsi təmin olunur. Bu təşəbbüs bir daha göstərir ki, Azərbaycan elmi-mədəni müəssisələrinin birgə fəaliyyəti milli irsin qorunması və araşdırılmasında vacib amillərdən biridir.