ADMİU-nun tələbələri “Gürcüstan-Azərbaycan gənclər düşərgəsi”ndə iştirak ediblər
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) əməkdaşı Toğrul Qasımov və beş nəfər tələbə Gürcüstanda keçirilən “Gürcüstan-Azərbaycan gənclər düşərgəsi”ndə iştirak ediblər.
3-8 avqust tarixlərində baş tutan düşərgə iyulun 22-dən 27-dək ölkəmizdə keçirilmiş Azərbaycan-Gürcüstan “Gənclər həftəsi”nin davamı olub.
49 nəfər azərbaycanlı gəncin qatıldığı düşərgənin bədii rəhbəri Toğrul Qasımov düşərgə boyunca keçirilən konsert proqramlarının və bədii-əyləncəli tədbirlərin təşkilinə və rəhbərliyinə cavabdeh olub, müxtəlif yaradıcı fəaliyyətlərin icrasını koordinasiya edib. ADMİU-nun tələbələri düşərgədə milli rəqslər, konsert proqramları, eləcə də maraqlı səhnələrlə çıxış ediblər.
Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze və tədbir çərçivəsində bu ölkədə səfərdə olan Azərbaycanın gənclər və idman nazirinin müavini Fərhad Hacıyevin də iştirak etdiyi düşərgə iki ölkə arasında gənclər siyasətinin inkişafı istiqamətində mövcud əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsində mühüm addım olub. Tədbir çərçivəsində Gürcüstan və Azərbaycan gəncləri arasında əlaqələrin dərinləşdirilməsinin əhəmiyyəti vurğulanıb, birgə layihələrin həyata keçirilməsi məsələlərinə toxunulub.
Dostluq və gənclik düşərgəsi kimi yadda qalan bu səfər, xoş notlarla sona çatıb. 8 avqust tarixində gənclərimiz vətənə dönüblər.