ADMİU-da Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilib

Sentyabrın 22-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) dahi bəstəkar, musiqişünas alim, pedaqoq Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, müxtəlif ali təhsil ocaqlarının rektorları, ADMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və media mənsubları iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlayan tədbirdə açılış nitqi ilə çıxış edən ADMİU-nun rektoru, professor Ceyran Mahmudova qonaqları salamlayaraq onları rəhbərlik etdiyi təhsil ocağında görməkdən məmnunluğunu ifadə edib.

Rektor bildirib ki, 1995-ci ildən etibarən Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə dahi bəstəkarın doğulduğu gün, yəni 18 sentyabr tarixi ölkəmizdə Milli Musiqi günü kimi qeyd olunur. 2009-cu ildən bəri isə cənab prezident İlham Əliyevin qərarı ilə bu tarixlərdə ölkəmizdə Üzeyir Hacıbəyovun yaradıcılığına həsr edilmiş Beynəlxalq musiqi festivalı keçirilir. Prezident İlham Əliyev 2025-ci il fevralın 3-də Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə Sərəncam imzalayıb. Sərəncam əsasında Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası birgə tədbirlər planı hazırlayaraq həyata keçirir. Bu il Mədəniyyət Nazirliyi tərəfindən keçirilən XVII Beynəlxalq musiqi festivalının bir gününü ADMİU-nun müəllim və tələbələrinin hazırlamasından qürur və sevinc duyduğunu deyən xanım rektor həmin tələbələrin və bundan sonrakı nəsillərin də Ü.Hacıbəyli irsinə layiqli şəkildə yetişəcəklərinə, milli mədəni kimliyimizə hər zaman sahib çıxacaqlarına inandığını deyib.  

Daha sonra ADMİU-nun tələbələrindən ibarət Xalq çalğı alətləri orkestri (bədii rəhbəri və dirijoru: Respublika və Beynəlxalq müsabiqələr laureatı Mustafa Aşurov) və ADMİU-nun “Xəzər” tələbə Xor kollektivinin (bədii rəhbər: Əməkdar müəllim Təranə Yusifova) ifasında dahi bəstəkarın yaradıcılığına aid əsərlər ifa olunub.

Konsert proqramında ADMİU-nun dosenti, Azərbaycan və Özbəkistan Respublikalarının Xalq artisti Gülyanaq Məmmədova “Çırpınırdı Qara dəniz” mahnısı ilə çıxış edib.

Tədbirin ikinci hissəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aysel Əzizovanın rəhbərliyi ilə ADMİU-nun rəssamlıq fakültəsinin tələbələri Ü.Hacıbəylinin 140 illik yubileyinə həsr etdikləri “Üzeyir sədaları” adlı geyim kolleksiyasını təqdim ediblər.

Sonra qonaqlar Rəssamlıq fakültəsinin müəllimlərinin əl işlərindən ibarət Ü.Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş sərgi ilə tanış olublar.

Günün son tədbirində Musiqi sənəti fakültəsinin tələbələri Gülyaz Həsənzadə və Toğrul Abıyev “Leyli və Məcnun” operasından “Görüş səhnəsi”ni ifa ediblər. Onları Anar Yusubov, Səxavət Məmmədov müşayiət ediblər.

Sonda ADMİU Sabah qruplarının ifasında “Üzeyir bəy belə deyərdi: “Babalı Sərvərin boynuna” adlı performanslar nümayiş olunub. Performansların müəllifi İlqar Fəhmi, quruluşçu rejissor Gümhar Ömərdir.