ADMİU-da Anım gününə həsr olunmuş tədbir və sərgi keçirilib
Sentyabrın 26-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 27 sentyabr- Anım gününə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni və ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələblər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova çıxışında bildirib ki, 27 Sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk günüdür. Həmin gün Azərbaycan xalqı tarixin ən şanlı mübarizəsinə qalxdı, torpaqlarımızın azadlığı uğrunda igid oğullarımız, qızlarımız canlarından keçdilər.
Rektor qeyd edib ki, Anım Günü təkcə kədərli tarix deyil, həm də qürur günüdür. Çünki biz Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, şəhidlərimizin qanı, qazilərimizin igidliyi sayəsində qələbə qazandıq.
Vətən müharibəsində iştirak edən oğullarımız arasında ADMİU-nun da əməkdaş, məzun və tələbələrinin olduğunu vurğulayan C.Mahmudova universitet rəhbərliyinin və bütün kollektivin onlarla fəxr etdiyini deyib.
Sosial-Siyasi elmlər kafedrasının müəllimi Mübariz Mehdiyev Anım gününün Azərbaycanın ən müasir tarixindəki yerindən danışıb, bu günün əhəmiyyətini vurğulayıb. Şəhidlərimizin hər zaman sayğı və ehtiramla yad edildiyini bildirən natiq Anım gününün həm də gələcək nəsillərin öz qəhrəmanları tanımaqları üçün önəm daşıdığını da əlavə edib.
Sosial – siyasi elmlər kafedrasının müdiri, Tarix üzrə fəlsəfə doktoru Əfşan Şəfiyeva çıxışında bu günün anım günü olmaqla yanaşı, Azərbaycan xalqının böyük zəfərinin başlandığı tarix olduğunu bildirib. O, hər zaman gənclərə vətənpərvərlik duyğularının ötürülməsinin vacibliyindən danışıb və bu işdə universitetin müstəsna rolunu vurğulayıb.
ADMİU-nun Rəssamlıq fakültəsinin müəllimi, Əməkdar rəssam Vüqar Əli çıxış edərək, Vətən müharibəsində qazandığımız böyük zəfərin Azərbaycan incəsənətinə, mədəniyyətinə müstəsna təsirindən danışıb.
Tədbirin bədii hissəsində ADMİU-nun Musiqi sənəti fakültəsinin müəllimi Səxavət Məmmədov “Xarı Bülbül” Xalq mahnısını tarda, Anar Yusubov Hacı Xanməmmədovun “Adajio” əsərini kamançada ifa ediblər.
Teatr sənəti fakültəsinin tələbəsi Əliağa Tapdıqovun qiraətində şair Ramiz Qusarçaylının “Azərbaycan bayrağı” şeiri tədbirə xüsusi rəng qatıb.
Anım gününə həsr olunmuş tədbir Əməkdar rəssam Vüqar Əlinin II Qarabağ müharibəsinə həsr olunmuş əsərlərindən ibarət sərginin nümayişi ilə yekunlaşıb.