ADMİU-nun dosenti Qarabağ Universitetində elmi seminar keçib

Sentyabrın 26-da 27 Sentyabr – Anım günü münasibətilə Qarabağ Universitetində ADMİU-nun “Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan Xəlilovun “Müasir Azərbaycan rəngkarlığında tarixi zəfərin tərənnümü” mövzusunda elmi seminarı baş tutub.

Seminarda 44 günlük Vətən müharibəsi, tarixi zəfər və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin portretlərinə həsr olunmuş əsərlərdən bəhs edilib. Təqdim olunan əsərlər arasında ADMİU-nun Rəssamlıq fakültəsinin professor-müəllim heyətinin yaradıcılıq işləri – “Dizayn və dekorativ-tətbiqi sənət” kafedrasının müdiri, Xalq rəssamı, professor Arif Əzizin “Əziz Şuşa, sən azadsan!”, “Təsviri sənət” kafedrasının müdiri, Əməkdar rəssam Rəşad Cabarovun “Qarabağ atı”, Əməkdar rəssam Vüqar Əlinin “Zəfər”, Elşən Hacızadənin “Qələbəmiz”, Samir Qafarovun “Dəmir Yumruq”, Zöhrab Cabbarovun “Torpağını geyinərəm əynimə”, MirAzər Abdullayevin “İrəli”, Cəlal Ağayevin “Zəfər atı”, Coşqun İsmayılovun “Qayıdış”, Asim Bayramovun “Zəfər” və s. əsərləri xüsusi yer alıb.

Seminarda, həmçinin, ölkəmizin bir çox görkəmli və tanınmış rəssamlarının – Xalq rəssamı Sakit Məmmədovun “Qarabağnamə”, Əşrəf Heybətovun “Qarabağda Qələbə Günü”, Asif Azərellinin “Belə də haqsızlıq olar?”, Vaqif Ucatayın “Şərəfli insanlar”, Nazim Məmmədovun “Şəhid anası”, İntiqam Cəfərovun “Tarixi zəfərimiz” və s. əsərləri də böyük maraqla qarşılanıb.