Teatr sənəti fakültəsinin I təhsil ilinin tələbələri üçün “Kitabxana resurslarından istifadə qaydaları” adlı təlim
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kitabxana-informasiya mərkəzi tərəfindən Teatr sənəti fakültəsinin I təhsil ilinin tələbələri üçün “Kitabxana resurslarından istifadə qaydaları” mövzusunda informativ təlim keçirilib. Təlimin əsas məqsədi birinci kurs tələbələrini universitet kitabxanasının informasiya resursları, xidmət istiqamətləri və istifadə imkanları ilə yaxından tanış etmək olub.
Tədbirdə Kitabxana-informasiya mərkəzinin biblioqrafı Natiq Mürsəlov kitabxananın ixtisaslaşmış zəngin sənəd-informasiya resursları fondunun tədris və elmi fəaliyyətin ayrılmaz hissəsi kimi əhəmiyyətini vurğulayıb. O, kitabxananın müasir tələblərə cavab verən rəqəmsal məlumat bazaları, elektron axtarış sistemləri və beynəlxalq məlumat bazaları barədə ümumi məlumat verib. Təlimdə tələbələrə kitabların, jurnalların və digər informasiya resurslarının axtarışı, sifarişi və istifadəsi qaydaları izah edilib.
Teatr sənəti fakültəsində tədris olunan fənlər üzrə kitabxana resurslarından istifadə ilə bağlı praktiki nümunələr təqdim olunub. Həmçinin, kitabxananın oxu zalları, rəqəmal resursları, elektron kataloqda axtarış üsulları, mövzu üzrə məlumatların səmərəli seçilməsi və xidmət prosesinin təşkili məsələləri əyani şəkildə izah edilib.
Tələbələrə kitabxanadan istifadə zamanı davranış qaydaları və etik prinsiplər haqqında da məlumat təqdim olunub, onların fərdi informasiya bacarıqlarını inkişaf etdirməklə bağlı sualları cavablandırılıb. Təlimdə kitabxananın elektron resurslarına uzaqdan çıxış imkanları və onlardan istifadə mexanizmləri xüsusi vurğulanıb. Kitabxana-informasiya mərkəzi bu kimi təlimləri ADMİU-nun digər fakültələrində də mütəmadi təşkil etməklə tələbələrin akademik inkişafına dəstək olmağı hədəfləyir.