Xalq artisti Həmidə Ömərovanın yeni kitabları
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) arasında əməkdaşlıq son illərdə kino təhsili, tədqiqat fəaliyyəti və yaradıcı layihələrin həyata keçirilməsi istiqamətində mühüm nəticələr vermişdir. Bu əməkdaşlıq Azərbaycanda audiovizual sənətlərin inkişafına, gənc mütəxəssislərin peşəkar formalaşmasına və kino irsinin qorunmasına xidmət edən çoxşaxəli fəaliyyətlərlə müşayiət olunur. Nəticədə, ADMİU ilə Azərbaycan Kinematoqrafçılar İttifaqı arasında akademik bilik və yaradıcılıq sinerjisi formalaşmış, kino sənətinin nəzəri və təcrübi inkişafı üçün davamlı platforma yaradılmışdır.
Belə əməkdaşlığın əsas istiqamətlərindən biri olan elmi-tədqiqat və nəşriyyat fəaliyyəti nəticəsində ABŞ və Almaniya kino tarixlərindən bəhs edən yeni dərs vəsaitləri Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyi ilə nəşr edilmişdir. ADMİU-nun professoru, Xalq artisti, AKİ-nin katibi, Kinoaktyorlar Gildiyasının sədri, aktrisa Həmidə Ömərovanın 2 cildlik “ABŞ kino tarixi” və “Alman kino tarixi” adlı bu kitabları kino təhsilinin tədris-metodik bazasının zənginləşməsinə mühüm töhfədir.
“ABŞ kino tarixi” adlı dərs vəsaitinin I cildi 1895-1929-cu illəri əhatə edir və bu dövrdə ABŞ kinematoqrafiyasının təşəkkül prosesi, onun inkişaf mərhələləri və əsas simaları təhlil olunur. Nəşrdə Edvin Porter, Devid Vork Qriffit, Mak Sennet, Çarlz Çaplin və digər görkəmli rejissorların yaradıcılığı, həmçinin, Amerika kino tarixində mühüm rol oynamış mərhələlər nəzəri baxımdan işıqlandırılır. Tədris nəşrinin 1929-1945-ci illəri əhatə edən II cildində isə Amerika kinosunun səsli mərhələsinin formalaşması, bu dövrdə yaranmış əsas hadisələr, janrlar, müəlliflər və estetik tendensiyalar sistemli şəkildə təhlil olunur. Müəllif bu mərhələdə baş verən texnoloji və bədii yenilikləri kino sənətinin inkişaf dinamikası ilə əlaqədə araşdırır.
Professor H.Ömərovanın digər dərs vəsaiti – “Alman kino tarixi” isə Almaniyada kinematoqrafiyanın yaranmasından (1895-ci ildən) İkinci Dünya müharibəsinə qədərki dövrü əhatə edir. Əsərdə alman ekspressionizmi, Frayburq məktəbinin fəaliyyəti, “kamera dramları” və digər əsas istiqamətlər elmi kontekstdə təhlil edilir. Bundan əlavə, müəllif Hitlerin hakimiyyətə gəlişindən sonra Almaniyada kino sənayesində baş vermiş ideoloji və estetik transformasiyaları da araşdıraraq, siyasi ideologiyanın kinematoqrafiyaya təsirini göstərir.
Təqdim olunan nəşrlər ADMİU-nun Audiovizual sənətlər fakültəsinin akademik heyəti və tələbələri üçün dəyərli elmi-informasiya mənbəyir. Kitabxana-informasiya mərkəzinin fonduna daxil edilmiş kitablar tədris prosesi ilə yanaşı elmi-tədqiqat fəaliyyətində istifadəsi baxımından da əhəmiyyətli metodik vəsait hesab olunur. İxtisasyönümlü sənəd-informasiya resurslarının ADMİU-ya ardıcıl şəkildə təqdim edilməsi elmi-mədəni və tədris sahəsində əməkdaşlığın səmərəliliyini göstərir. Bu kontekstdə, Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbərliyinə universitetin elmi-informasiya potensialının zənginləşdirilməsinə verdiyi davamlı dəstəyə görə dərin təşəkkürümüzü bildiririk.