ADMİU Rəssamlıq fakültəsinin tələbələri Daun sindromlu şəxslərin Reabilitasiya Mərkəzində
13 oktyabr tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin tələbələri Daun sindromlu şəxslərin Reabilitasiya Mərkəzində olublar. Görüş “İnklüziv təhsildə incəsənət yönümlü tədris metodları” fənni çərçivəsində həyata keçirilib.
Fənnin məqsədi — əlilliyi olan şəxslərə təsviri sənəti tədris edəcək gələcək mütəxəssisləri formalaşdırmaq, tələbələrdə həm nəzəri, həm də praktiki bilik və bacarıqların inkişafına şərait yaratmaqdır.
Tələbələr bu səfər zamanı dərsdə öyrəndikləri bilikləri praktikada tətbiq etmək, inklüziv mühitdə yaradıcı tədris prosesinin xüsusiyyətlərini müşahidə etmək imkanı əldə ediblər. Onlar mərkəzin üzvləri ilə səmimi ünsiyyət quraraq birlikdə rəqs edib, mahnılar ifa ediblər.
Bu təcrübə tələbələrin gələcək peşə fəaliyyətində incəsənətin sosial və terapevtik imkanlarını daha dərindən dərk etmələrinə, həmçinin empatiya və kommunikasiya bacarıqlarının inkişafına xidmət edir.