Kitabxana resurslarından istifadə qaydaları
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kitabxana-informasiya mərkəzi ənənəvi olaraq universitetin 2025/2026-cı tədris ilinin I kurs tələbələri üçün “Kitabxana resurslarından istifadə qaydaları” mövzusunda praktiki təlimlər təşkil edib. Mərkəzin əməkdaşları – Natiq Mürsəlov və Fəridə Abdullazadə tərəfindən aparılmış təlimlərin əsas məqsədi tələbələrdə sənəd-informasiya resursları, rəqəmsal məlumat bazaları və innovativ informasiya xidmətlərindən səmərəli istifadə bacarıqlarını formalaşdırmaq olub. İnteraktiv şəkildə təşkil edilmiş təlimlərdə tələbələr Kitabxana-informasiya mərkəzinin ixtisaslaşmış zəngin sənəd-informasiya ehtiyatları fondunun çap və rəqəmsal resursları ilə tanış ediliblər. Kitabxananın tədris və elmi fəaliyyətin informasiya təminatında rolu, habelə, elektron kataloq və axtarış sistemlərinin funksionallığı ətraflı şəkildə izah olunub.
Teatr sənəti, Audiovizual sənətlər, Rəssamlıq, Kulturologiya və Musiqi sənəti fakültələrini əhatə edən təlimlərdə tələbələrə kitablar, dövri nəşrlər, not materialları, elektron məlumatlar və audiovizual mənbələrin axtarışı, sifarişi və istifadəsi mexanizmləri praktiki şəkildə nümayiş etdirilib. Hər bir fakültənin ixtisas xüsusiyyətlərinə uyğun nümunələr əsasında kitabxana resurslarından səmərəli istifadə yolları göstərilib. Elektron kataloqlarda mövzu üzrə axtarış aparmaq, nəticələri filtrləmək, uyğun informasiya resurslarını seçmək, rəqəmsal tədris bazalarından və beynəlxalq məlumat platformalarından istifadə etmək bacarıqları aşılanıb. Tələbələrin sualları cavablandırılıb, kitabxanadan istifadə zamanı etik davranış mədəniyyəti və müəllif hüquqlarına əməl etməyin vacibliyi vurğulanıb.
Kitabxana-informasiya mərkəzi təlimləri gələcəkdə tələbələrlə yanaşı magistrantlar üçün də davam etdirməyi, təhsilalanların rəqəmsal bacarıqlarının artırılması, elmi-tədqiqat fəaliyyətinin səmərəliliyi və informasiya kompetensiyalarının yüksəldilməsinə dəstək göstərməyi planlaşdırır.





