ADMİU-nun müəllimlərinin əsərləri “Mən suyam” sərgisində…
Noyabrın 1-də paytaxtda keçirilən Art Weekend – beynəlxalq incəsənət festivalı çərçivəsində “Zaman Art Gallery” yaradıcılıq məkanında “Mən suyam” adlı sərgiyə kurator turu olub.
Azərbaycan rəssamlarının qrup sərgisində 20-dən çox müəllifin əsəri nümayiş olunur.
Ekspozisiyada Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin müəllimləri- Əməkdar rəssam Vüqar Əliyev və baş müəllim Mir Azər Abdullayevin də işləri yer alıb.
Art Weekend festivalının əsas elementi kimi seçilən su burada nümayiş olunan əsərlərdə də əsas mövzudur. “Mən suyam” sərgisinin məqsədi tamaşaçıda yalnız suyun estetik qavrayışını deyil, həm də onun təbiətinə mənəvi yaxınlıq hissini oyatmaqdır: hiss etdirməkdir ki, hər birimizin qəlbində yaddaşla, ağrıyla, işıqla və ümidlə dolu axan bir çay var.
Sərgi noyabrın 16-dək davam edəcək.



