Elm və təhsil sahələrində beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə Özbəkistan Respublikasının Nəvai Dövlət Universitetinin akademik heyəti hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) ixtisasartırma proqramında iştirak edir

Elm və təhsil sahələrində beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə Özbəkistan Respublikasının Nəvai Dövlət Universitetinin akademik heyəti hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) ixtisasartırma proqramında iştirak edir.
Bu proqram universitetlər arasında elmi-tədris əlaqələrinin möhkəmləndirilməsi, təcrübə mübadiləsinin təşviqi və təhsil sahəsində yeni perspektivlərin formalaşdırılmasına xidmət edir.
Proqram çərçivəsində iştirakçılar yalnız nəzəri və praktiki dərslərdə deyil, eyni zamanda Azərbaycanın zəngin mədəni irsi və müasir incəsənəti ilə də yaxından tanış olurlar. Səfər çərçivəsində qonaqlar Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət edərək ölkəmizin və dünya mədəniyyətinin ən parlaq incəsənət nümunələrinə baxış keçiriblər.
Eləcə də Özbəkistandan gələn qonaqlar ADMİU-nun dosentləri- Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aysel Əzizova və sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzakət Səfərovanın geyim kolleksiyaları ilə tanış olublar.
Bundan əlavə, Nəvai Dövlət Universitetinin müəllimləri ADMİU-nun Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, Xalq rəssamı, professor Arif Əzizovun “Arif Aziz” sənət evində də olublar. Burada onlar Azərbaycanın görkəmli rəssamının yaradıcılığı, rəngkarlıq məktəbinin inkişafındakı rolu və sənətə gətirdiyi yeniliklər barədə ətraflı məlumat əldə ediblər.