ADMİU müəllimlərinin əl işləri “Zəfərin izi”ndə…
Noyabrın 1-də Muzey Mərkəzində Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Zəfərin izi” adlı sərgi açılıb.
Sərgi 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, qəhrəman şəhid və qazilərimizin göstərdiyi misilsiz igidliyin, eləcə də xalqımızın milli həmrəyliyinin incəsənət vasitəsilə təcəssüm etdirilməsi məqsədilə təşkil edilib.
Tədbirdə Xalq rəssamları Ömər Eldarov, Arif Hüseynov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri Aslan Xəlilov çıxış edərək bildiriblər ki, qazanılan tarixi Qələbə fırça ustalarının da yaratdığı əsərlərdə təcəssüm tapıb. Son beş ildə rəssamlarımız daha çox qələbə əhval-ruhiyyəli əsərlər yaradıblar.
Qeyd edilib ki, bu gün Muzey Mərkəzində sərgilənən əsərlər yaxın gələcəkdə işğaldan azad edilən tarixi torpaqlarımızda nümayiş olunacaq.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.
“Zəfərin izi” adlı rəsm sərgisində 38 əsər nümayiş edilib.
Sərginin ekspozisiyasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin müəllimləri- Əməkdar rəssam Vüqar Əliyev və baş müəllim Mirazər Abdullayevin də əsərləri yer alıb.
Sərgidə plakat janrında yaradılmış əsərlərə xüsusi yer ayrılıb və həmin əsərlər həm bədii, həm də ideya məzmunu baxımından sərginin ümumi ruhuna özünəməxsus töhfə verir.
Təqdim olunan əsərlər Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini, Ordumuzun şücaətini və azadlıq ruhunu bədii dillə ifadə edir.
Tədbir çərçivəsində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin istedadlı tələbələrinin iştirakı ilə musiqi və rəqs proqramı təqdim olunub.
Sərgi Muzey Mərkəzində noyabrın 5-dək ziyarətçilər üçün açıq olacaq.





