ADMİU-nun müəlliminin əl işi beynəlxalq sərgidə…
Heydər Əliyev Mərkəzində su ehtiyatlarının qorunması çağırışı ilə “Mənim Dənizlərim, Mənim Okeanlarım” (“My Seas, My Oceans”) beynəlxalq sərgisinin açılışı olub.
Sərgi iqlim dəyişikliyi, qlobal istiləşmə və həssas ekosistemlər dövründə planetimizin ən həyati ehtiyatlarından biri – su mənbələrinin qorunmasının vacibliyini vurğulamaq məqsədi daşıyır.
Heydər Əliyev Fondu və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü ilə təşkil edilən ekspozisiya “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyimizi İNDİ Duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) layihəsi çərçivəsində nümayiş olunub. Rəssam və heykəltaraşlar, multimedia və çoxsahəli sənətçilər su, iqlim dəyişikliyi, davamlılıq və dəniz biomüxtəlifliyi mövzularına müraciət edərək bədii işləri vasitəsilə dənizlərimizin, okeanlarımızın və ortaq gələcəyimizin qorunmasına çağırış edirlər.
Ekspozisiyada Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının müdiri Rəşad Cabarovun “Tələ” və həmin kafedranın müəllimi Röya Həsənin “Sev məni! Qoru məni! əsərləri də sərgilənib.
R.Həsən öz əsəri haqda danışarkən qeyd edib ki, bu əsər dənizin yaddaşından danışır — orada həm sakitlik, həm də sızıltı var:
“Tısbağa azadlığın rəmzi kimi plastik tələləri arxada qoyaraq təmiz sularda üzür. Onun ətrafındakı tullantılar illər boyu yığılıb, dənizin səssiz fəryadına çevrilib. Amma bu əsərdə tısbağa həmin məhdudiyyətləri yararaq azad olur — o, həyatın davamını, xilasın mümkünlüyünü simvolizə edir.
Dəniz yaşayırsa, həyat da yaşayır.
Onu qorumaq — öz gələcəyimizi qorumaq deməkdir”.










