ADMİU-nun AzTU-da Zəfər konserti…

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində (AzTU) 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərin 5-ci ilinə həsr olunmuş tədbir keçirilib.

Mərasimdən öncə hər iki ali təhsil ocağının rəhbərləri və tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə çiçəklər düzüblər.

Tədbirin rəsmi hissəsi ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

ADMİU-nun rektoru professor Ceyran Mahmudova çıxış edərək Azərbaycanın son 200 illik tarixinə həkk olunmuş şanlı zəfərdən danışıb, bu zəfərin həm ölkəmiz, həm də müasir dünyamız üçün önəmini vurğulayıb. Şəhidlərimizin daim xalqımızın qəlbində əbədi yaşayacağını deyən xanım rektor bu zəfərin həm də gələcək nəsillərə bir əmanət olduğunu da dilə gətirib.

AzTU-nun rektoru professor Vilayət Vəliyev öz çıxışında Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbədə igidlik göstərmiş qəhrəmanları yad edib. Hər iki universitetin bu müharibədə iştirak etmiş və şəhidlik zirvəsinə ucalmış, eləcə də qazi olmuş tələbələrinin olduğunu vurğulayan rektor onların şücaətindən də söz açıb və onların gələcək nəsillər üçün örnək olduğunu əlavə edib.

Daha sonra tədbir ADMİU-nun müəllim və tələbələrinin iştirakında konsert proqramı ilə davam edib.

Konsertdə ADMİU-nun “Xəzər” tələbə Xor kollektivi (Bədii rəhbər: Əməkdar müəllim Təranə Yusifova, fortepianoda: Nigar Hüseynzadə, Heyran Qədirli), Azərbaycan və Özbəkistan Respublikalarının Xalq artisti Gülyanaq Məmmədova, ADMİU-nun müəllimi, tarzən Səxavət Məmmədov, Əməkdar artist Zakir Əliyev, ADMİU-nun müəllimi, kamança ustası Anar Yusubov, ADMİU-nun Aşıq sənəti kafedrasının müdiri, Əməkdar Mədəniyyət işçisi Aşıq Samirə Əliyeva, Əvəzxan Əzizov, Səfiyyə Yaqublu, Sərxan Mirzəyev vətənpərvərlik mövzulu ifaları ilə tədbir iştirakçılarına xoş anlar bəxş ediblər.