ADMİU Elmi Şurasının növbəti iclası keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Elmi Şurasının növbəti iclası keçirilib.
Universitetin rektoru professor Ceyran Mahmudova iclası giriş sözü ilə açaraq Elmi Şura üzvlərini və dəvətliləri qarşıdan gələn Zəfər bayramı münasibəti ilə təbrik edib, müstəqilliyimizin və suverenliyimizin əbədi olmasını arzulayıb.
Sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasın gündəlik məsələlərinə keçməzdən öncə ənənəvi olaraq son Elmi Şura iclasından keçən vaxt ərzində beynəlxalq tədbirlərdə universitetimizi təmsil edərək fərqlənən, həmçinin, yubileyi qeyd olunan əməkdaşlar təbrik edilib.
Rektor C.Mahmudova Musiqi tarixi və nəzəriyyəsi kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Güllü İsmayılovanı 60, Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müəllimi, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmini 50 illik yubileyləri münasibəti ilə təbrik edib, onlara uzun ömür, can sağlığı, pedaqoji və elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra xanım rektor III Cinemo Beynəlxalq Mobil Film Festivalında yer tutan Audiovizual sənətlər fakültəsi, Rejissorluq ixtisası Kino rejissoru ixtisaslaşması II təhsil ili tələbələri Səbuhi Abbasov və Zülfiyyə Yalçını, eləcə də onların müəllimi Xalq artisti, professor Oqtay Mir-Qasımovu təbrik edib.
Eləcə də C.Mahmudova Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 44 günlük müharibədəki qələbəmizin 5 illiyinə həsr olunmuş “Xarıbülbülün təntənəsi” adlı bədii qiraət müsabiqəsində qalib gələrək diplomla təltif olunan Teatr sənəti fakültəsi, Musiqili teatr ixtisası üzrə 4-cü təhsil ili tələbəsi Tamilla Həsənovanı təbrik edib.
Daha sonra iclas gündəlikdəki məsələlər və hesabatlarla öz işini davam etdirib.

















