ADMİU-da Zəfərin 5 illiyinə həsr olunmuş tədbirlər keçirilib
Noyabrın 7-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbəmizin 5 illiyinə həsr olunan sərgi və tamaşa nümayiş olunub.
“Zəfərin rəngi” adlı sərgidə ADMİU-nun Rəssamlıq fakültəsinin müəllimlərinin rəsm əsərləri yer alıb.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbirin əvvəlində qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən universitetin rektoru professor Ceyran Mahmudova Mədəniyyət və İncəsənət Universitetinin yaradıcılığın müxtəlif sahələrini əhatə edən unikal bir ali təhsil müəssisəsi olduğunu deyib. Bu baxımdan Zəfərə həsr olunan tədbirlər də öz yaradıcılıq istiqamətləri baxımdan bir silsilə təşkil edir. Rəssamlıq fakültəsinin müəllim və tələbələrinin müharibənin ilk günündən 44 günlük Vətən müharibəsinə, sonradan isə şanlı qələbəmizə öz diqqəti ilə seçildiklərini, yaradıcılıqlarında bu mövzuya xüsusi yer verdiklərini deyən xanım rektor bunun nəticəsi olaraq hər il ADMİU-da onların sərgisinin keçirilməsindən də məmnunluğunu dilə gətirib.
C.Mahmudova çıxışının sonunda hər kəsi bir daha Zəfər bayramı münasibətilə təbrik edib, şəhidlərimizə Allahdan rəhmət diləyib.
Daha sonra tədbir iştirakçıları sərgi ilə daha yaxından tanış olublar.
Günün növbəti tədbiri “Sən mənim payımsan” adlı tamaşa nümayiş olunub.
SABAH qrupları Aktyor sənəti ixtisası IV kurs tələbələrinin hazırladıqları tamaşada baş rolları SABAH Mərkəzinin rəhbəri, Əməkdar artist Nofəl Vəliyev və Əməkdar artis Leyli Vəliyeva ifa ediblər.
Əsərin müəllifi və quruluşcu rejissoru İradə Gözəlovadır.
Bu tamaşa Zəfərimizin arxasında dayanan sevgi, güc və səbrin bir ailənin həyatında necə yaşandığını səhnə dilində təqdim edir.





































