ADMİU-nun prorektoru İkinci Dünya Sosial İnkişaf Sammitində iştirak edib
Qətərin paytaxtı Doha şəhərində BMT-nin İkinci Dünya Sosial Sammiti keçirilib.
Sammitdə 8 mindən çox qonaq, o cümlədən dövlət və hökumət başçıları, nazirlər, alimlər, Birləşmiş Millətlər Təşkilatının təmsilçiləri, vətəndaş cəmiyyəti və özəl sektorun, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Azərbaycan Prezidentinin tapşırığı ilə sammitdə ölkəmizi Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Nümayəndə heyətinə Azərbaycan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Qətər Dövlətindəki səfir, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi, Nazirlər Kabineti və Xarici İşlər Nazirliyinin məsul vəzifəli şəxsləri daxildir.
O cümlədən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Elm və yaradıcılıq işləri üzrə prorektoru, dosent Sədaqət Əliyeva və Ümumi şöbənin rəhbəri, Sosial-siyasi elmlər kafedrasının müəllimi Aygül Mirzəyeva iştirak ediblər. Onlar Azərbaycan Sosial İş İctimai Birliyi ilə ADMİU arasında bu istiqamətdə imzalanmış memoranduma əsasən, İctimai Birliyin dəvəti ilə Sammitə qatılıblar.
Qeyd edək ki, Sammitdə universitetimizin məzunları- Azərbaycan Sosial İş İctimai Birliyinin sədr müavini Tural Mirzəyev və icraçı direktoru Ləman Əliyeva da iştirak ediblər.
2030 Dayanaqlı İnkişaf Gündəliyinin reallaşdırılmasına, xüsusilə də sosial inkişaf gündəliyinin təşviqinə həsr olunan sammitin ilk günündə “Doha Siyasi Bəyannaməsi” qəbul edilib.
Baş nazirin müavini S.Şərifov Dünya Sosial Sammitinin plenar iclasında çıxış edərək Azərbaycanda Kopenhagen Bəyannaməsi üzrə sosial sahədə nəzərdə tutulan öhdəliklərin icrası barədə məlumat verib, sosial inkişaf məsələləri üzrə beynəlxalq əməkdaşlığa yaxından qoşulduğunu, bir çox inkişafda olan ölkələrə təhsil, səhiyyə və humanitar sahədə yardım göstərdiyini bildirib.
Azərbaycan nümayəndə heyəti sammit çərçivəsində keçirilmiş “Aclıq və Yoxsulluğa qarşı Qlobal Alyansı”ın birinci iclasında, “Sosial inkişafın üç sütununun gücləndirilməsi: yoxsulluğun aradan qaldırılması, tam və məhsuldar məşğulluq və hamı üçün layiqli əmək və sosial inteqrasiya” mövzusunda təşkil olunan dəyirmi masada, eləcə də bir sıra ikitərəfli görüşlərdə iştirak edib.
Eyni zamanda, ADMİU-dan Sammitə qatılan heyət COP29 Azərbaycan sədrliyi və BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyası (ESCAP) tərəfindən təşkil olunmuş “İnsan inkişafı prinsipləri: iqlimə davamlı və inkluziv sosial inkişaf üçün” adlı sessiyada yaxından iştirak ediblər.












