ADMİU ilə Qazax Milli İncəsənət Akademiyası arasında növbəti müqavilə imzalanıb

Qazaxıstan Respublikasının Temirbek Jürgenov adına Qazax Milli İncəsənət Akademiyasının rektoru Arman Adelxanoviç Jidebaev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) qonaq olub və rektor Ceyran Mahmudova ilə görüşüb.

Rəsmi görüşdə ADMİU-nun prorektorları Nigar Rüstəmova, Sədaqət Əliyeva, Sevil Kərimova, Fərhad Əliyev, Rektorun tədrisdə innovasiyalar üzrə müşaviri Validə Məmmədova və digər əməkdaşlar, eləcə də Qazax Milli İncəsənət Akademiyasından qonaqlar iştirak ediblər.

Qazaxıstanlı həmkarını salamlayan C.Mahmudova onu Azərbaycanda, xüsusən, rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnunluğunu ifadə edib. Temirbek Jürgenov adına Qazax Milli İncəsənət Akademiyası ilə ADMİU-nun son illərdə daha da genişlənən əlaqələrindən danışan xanım rektor bu əlaqələrin hər iki universitetin tələbələrinin təhsilində müsbət təsir göstərdiyini xüsusi vurğulayıb. C.Mahmudova qazax tələbələrin ADMİU-da keçdiyi təcrübəni xatırlayaraq, bu kimi tələbə mübadiləsinin önəmini vurğulayıb.

Temirbek Jürgenov adına Qazax Milli İncəsənət Akademiyasının rektoru Arman Adelxanoviç Jidebaev qonaqpərvərliyə və gözəl qarşılanmaya görə C.Mahmudova başda olmaqla, ADMİU-nun əməkdaşlarına öz təşəkkürünü bildirib. Azərbaycan-Qazaxıstan əlaqələrindən danışan qonaq rektor bu əlaqələrin günbəgün daha da inkişaf etdiyini vurğulayıb. A.Jidebaev rəhbəri olduğu akademiya ilə ADMİU arasında son illərdə daha da genişlənən münasibətlərin iki ölkə arasındakı həm təhsil, həm də mədəni əlaqələrin daha da güclənməsindəki rolundan danışıb.

Daha sonra ADMİU ilə Temirbek Jürgenov adına Qazax Milli İncəsənət Akademiyası arasında növbəti tədris ilindən müxtəlif ixtisaslar üzrə ikili diplom təhsil proqramı əsasında tədrisin təşkili ilə bağlı müqavilə imzalanıb.

Görüşün sonunda C.Mahmudova həmkarı A.Jidebaevə xatirə hədiyyəsi təqdim edib.

Daha sonra qazaxıstanlı rektor ADMİU ilə yaxından tanış olub.