ADMİU-nun tələbələri Kamal Abdullanın yubileyində “Bir, iki, bizimki” tamaşasını oynayıblar
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə Xalq yazıçısı, akademik Kamal Abdullanın 75 illik yubileyi münasibətilə “Sözün sehrinə sığınan adam” adlı tədbir keçirilib.
Tədbirdə çıxış edən Əməkdar artist, professor Azad Şükürov Kamal Abdullanın zəngin elmi, ədəbi və ictimai fəaliyyətindən söz açıb.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova, Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov, Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor Məryəm Əlizadə və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rejissoru Əsgər Əsgərov ədibin Azərbaycan elminə və mədəniyyətinə verdiyi əvəzsiz töhfələrdən danışıblar.
Tədbirin bədii hissəsində ADMİU-nun tələbələri yazıçının “Bir, iki, bizimki” tamaşasını nümayiş etdiriblər.
Səhnə əsəri qəhrəmanın əbədi rahatlıq tapmaq arzusunu, iki fərqli dünyanın insanları arasında söhbət, toxunuş, sevgi, peşmanlıq və qovuşmaq istəkləri üzərində qurulan süjet xəttini səhnəyə daşıyıb.
Tamaşanın quruluşçu rejissoru ADMİU-nun müəllimi, Əməkdar artist Yaqut Paşayevadır. Rolları tələbələr Fərid Hüseynov, Fərid İsmayılov, Ləman Səlimova, Əzizəxanım Kazımova, Fidan Ağazadə, İlahə Şahverənli, Rişad Heydərov və Rəhimə Dadaşova canlandırırlar.





