“TGT nədir?” adlı tədbir keçirilib

Dekabrın 2-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Tələbə Gənclər Təşkilatının (ADMİU TGT) idarə heyətinin, universitetin rəhbərliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının idarə heyəti nümayəndələrinin və universitet tələbələrinin iştirakı ilə “TGT nədir?” adlı bədii- informativ tədbir proqramı keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rəsmilərin çıxışları ilə davam edən tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və Tələbə Gənclər Təşkilatlarının (TGT) fəaliyyət istiqamətlərini işıqlandıran məlumatlandırıcı videoçarxlar təqdim olunub.
Daha sonra proqram bədii hissə ilə davam edib. Bədii hissədə ADMİU-nun aktiv, istedadlı tələbələri müxtəlif musiqilər, rəqs kompozisiyaları, qısa səhnəciklər ifa ediblər. Tədbirin xüsusi qonağı gənc müğənni Mərdan Kazımov öz ifaları ilə proqrama rəng qatıb.
Tədbir “TGT dəyərdir!” səhnəciyi və “Biz mehriban ailəyik” musiqisinin sədaları ilə yekunlaşıb.
Sonda xatirə şəkli çəkdirilib.