ADMİU tələbələrinin iştirakı ilə Bakı Reabilitasiya Mərkəzində tədbir keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri Bakı Reabilitasiya Mərkəzində Beynəlxalq Əlillər gününə həsr olunmuş tədbirdə iştirak ediblər.
ADMİU-da tətbiq olunan“Musiqi terapiyası” layihəsi çərçivəsində keçirilən tədbirdə Bakı Reabilitasiya Mərkəzinin direktoru Vüsalə Kazımova, mərkəzin pasiyentləri və ADMİU-da “Musiqi terapiyası” fənnini tədris edən Aysel Əzizova günün anlam və önəmi ilə bağlı çıxış ediblər.
Daha sonra ADMİU-nun “Xalq çalğı alətləri ifaçılığı” kafedrasının tələbələrindən ibarət “Arazbarı” ansamblı (ansamblın rəhbəri-Paşazadə Cabbar, Məmmədli Məmməd, Hacıyeva Ləman, Əsədzadə Fidan, Həsənov Əlihüseyn),eyni zamanda “Solo oxu” ixtisasının tələbələri Abbasova Səbinə və Səfərov Nurlan zövq oxşayan proqramla çıxış ediblər.
Tədbir çərçivəsində həmçinin ADMİU-nun məzunu estrada ifaçısı Mütəllim Mütəllimov da iştirak edib. Konsertdə “Azərbaycan oğluyam”, “Qəşəngdir”, “Qarabağ” mahnıları, eləcə də “Xudayar təsnifi”, “Küçələrə su səpmişəm”, “Cahargah” rəngi, “Bu qala daşlı qala” kimi xalq musiqisi nümunələri səslənib və mərkəzin sakinləri tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, “Musiqi terapiyası” fənni 2024-2025-ci tədris ilindən etibarən ADMİU-nun bakalavr dərəcəsində musiqi sənəti ixtisasları üzrə təhsil alan tələbələrin tədris proqramına daxil edilib. Hazırda bu fənn çərçivəsində musiqi terapiyası üzrə ilkin bilik və bacarıqların formalaşdırılması istiqamətində fəaliyyət göstərilir. Bu məqsədlə bir sıra mərkəzlər və təşkilatlarla əməkdaşlıq həyata keçirilir.









