Animasiyaya həsr olunmuş infosessiya keçirilib
ADMİU-nun Audiovizual Sənətlər və Rəssamlıq fakültələrinin təşkilatçılığı ilə “Animasiyanın gələcəyi: peşə, texnologiya və trendlər” adlı infosessiya keçirilib. Animasiya sahəsinin inkişafı, peşə imkanları, yeni texnologiyalar və qlobal trendlər haqqında məlumat verən tədbirdə Azərbaycan animasiyasının nüfuzlu nümayəndələri spiker qismində çıxış ediblər.
Tədbirdə animasiyaya marağı olan gənclər, tələbələr, yaradıcı mütəxəssislər və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ADMİU-nun müəllimi Anar Verdiyev infosessiyanın qonaqları- ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının direktoru, rejissor, prodüser, animator Rəşid Ağamalıyev və “Azanfilm” studiyasının direktoru, rejissor, animator Mansur Şəfiyev Mansur Şəfiyevhaqqında məlumat verib.
Daha sonra qonaqlar iştirakçılara həm yerli, həm də beynəlxalq animasiya mühitinin aktual vəziyyəti barədə dəyərli məlumatlar təqdim ediblər.
Rəşid Ağamalıyev öz çıxışında “Azərbaycan Animasiyası” kitabı, ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının fəaliyyəti və məqsədləri, Azərbaycan Animasiya Assosiasiyasının təşəbbüsləri, ANİMAFİLM Studionun layihələri, “İsi və Piti” animasiya serialının istehsal prosesi, “Bum-Bum” qısametrajlı filminin nümayişi haqqında geniş məlumat verib
Mansur Şəfiyev isə öz çıxışında Akademiyanın animasiya tədrisində rolu və müasir pedaqoji yanaşmalar, Sənaye və qeyri-sənaye perspektivlərinin müqayisəsi, qlobal və Azərbaycan animasiya sənayelərində hazırkı vəziyyəti, sektorun reallıqlarından çıxış edərək tədrisin strukturlaşdırılması kimi mövzuları əhatə edib.
Qeyd edilib ki, infosessiya bu sahədəki yenilikləri öyrənmək, mütəxəssislərlə tanış olmaq və animasiya üzrə gələcək imkanları dəyərləndirmək üçün nadir fürsət yaradacaq.







